Naxçıvan MR Ali Məclisində keçirilmiş müşavirədə giriş nitqi söyləmişdir.

2004, 2 sentyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri

Naxçıvan MR Ali Məclisində müşavirə

 

Xəbər verdiyimiz kimi. Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Ali Məclisdə müşavirə keçirmişdir.

Dövlətimizin başçısı müşavirəni giriş sözü ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin

giriş nitqi

- Mən Naxçıvana gəlmişəm. Burada çox gözəl tədbirlər keçirildi, Heydər Əliyevin adını daşıyan məktəb açıldı. Bilirsiniz ki, bu məktəb xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Çox şadam ki, məktəb bu gün açıldı və Naxçıvana gözəl xidmət edəcəkdir. Mən orada açılışda dedim ki, bu, Azərbaycanda son zamanlar tikilmiş məktəblərdən ən gözəlidir və yaxşı avadanlıqla da təchiz olunmuşdur.

Naxçıvan inkişaf edir və burada sürət çox yüksəkdir, çox gözəl abadlıq, quruculuq işləri gedir. Mən bunu may ayında burada olarkən qeyd etmişdim. Bu gün də demək istəyirəm ki, bir neçə ay ərzində irəliləyiş yenə də müşahidə olunur. Küçələr abadlaşır, yeni müasir binalar tikilir. Əlbəttə ki, bu bizim hamımızı çox sevindirir. Naxçıvanın uğurlu inkişafı hamımız üçün, bütövlükdə Azərbaycanın gələcəyi üçün çox mühüm amildir.

Naxçıvanın infrastrukturu güclənir, hava limanının tikintisi başa çatmışdır. Keçən dəfə onu açdıq. Bu gün hava limanı sərnişinlərə çox yaxşı xidmət göstərir. Yeni təyyarələrin alınması nəticəsində, ümumiyyətlə, Naxçıvanın təkcə Bakı ilə deyil, xarici ölkələrlə də hava əlaqələri genişlənəcəkdir.

Hər bir ölkənin, regionun, şəhərin inkişafı üçün enerji daşıyıcıları mühüm rol oynayır. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ümumiyyətlə, sürətlə inkişaf edir. İnkişaf etmiş ölkələrlə müqayisədə biz görürük ki, Azərbaycanda artım sürəti daha yüksəkdir. Əlbəttə, çoxlu problemlər də var və bunlar öz həllini tapır. Yeni müəssisələr, fabriklər yaradılır. Yeni iş yerləri açılır. Mən bu gün qeyd etdim ki, prezident seçkilərindən keçən dövr ərzində 70 min yeni iş yeri açılmışdır. Onlardan 50 mini daimi iş yerləridir. Bu onu göstərir ki, biz düz yoldayıq. İqtisadiyyatımızı çox böyük səmərə ilə inkişaf etdiririk. Gələcək perspektivlər də çox gözəldir. Müasir Azərbaycanın Heydər Əliyev tərəfindən hazırlanmış neft strategiyası uğurla həyata keçirilir. Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləcəkdir ki, bu da ölkənin hərtərəfli inkişafı üçün çox gözəl və deyə bilərəm ki, yeni bir şərait yaradacaqdır.

Biz bütün bu proqnozları bilirik. Bilirik ki, Azərbaycan çox böyük iqtisadi potensiala malik olacaqdır. Bu, bizə imkan verəcəkdir ki, ölkəmizi hərtərəfli inkişaf etdirək. Energetika sektoru inkişaf etdirilməlidir. Bu istiqamətdə Azərbaycanda işlər görülür. Yeni elektrik stansiyaları istifadəyə verilir. Növbəti stansiyaların tikintisi üçün lazımi tədbirlər görülür. Bu yaxınlarda mən Almaniyada rəsmi səfərdə olarkən bu məsələ də müzakirə olundu. Azərbaycanda 500 meqavat gücündə yeni elektrik stansiyası tikiləcəkdir.

Bildiyiniz kimi, bu sahədə Naxçıvanın problemləri çoxdur. Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Buraya Azərbaycan ərazisindən təbii qazın verilməsi mümkün deyildir. Elektrik enerjisinin verilməsi də Naxçıvanın tələbatını tam şəkildə ödəmir. Ona görə Naxçıvanı həm təbii qazla, həm də elektrik enerjisi ilə tam təmin etmək üçün müvafiq tədbirlər görülübdür. Bunun nəticəsində, indi demək olar ki, Naxçıvanı tam həcmdə elektrik enerjisi və qazla təmin etmək üçün yeni şərait yaradılıbdır. Ona görə mən istəyirəm ki, biz bu barədə məlumatı dinləyək. Nəzərdə tutulan tədbirlər haqqında məlumatları dinləyək və bu barədə fikir mübadiləsi aparaq. İlk növbədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu dinləyək.