Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2009-cu il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 ili tamam olur.
Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapan bu torpaq neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirmişdir.
Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycan dövlətçiliyinin inkişafında ictimai-siyasi və tarixi əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2009-cu il.