Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq mərkəzinin yaradilması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı
Azərbaycanın Naxçıvan Muxtar Respublikası böyük bir tarixi keçmişə malikdir. Lakin bu tarix Sovetlər Birliyi dövründə lazımi səviyyədə öyrənilməmiş, bir sıra ciddi elmi-nəzəri səhvlərə yol verilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə xalqımızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılmasına başlanmışdır.
Həmin elmi araşdırmalar sayəsində Naxçıvanın tarixi və abidələri, arxeologiya və etnoqrafıyası, ədəbi mühiti və mədəniyyəti, təbii sərvətləri və biomühiti ciddi tədqiqatların predmetinə çevrilmiş, yeni elmi istiqamətlər müəyyənləşdirilmiş və nəticələr əldə olunmuşdur.
Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisində 792 yeni tarixi abidə tapılaraq tədqiq olunmuş, ümumilikdə 1172 tarix və mədəniyyət abidəsi pasportlaşdırılaraq dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmiş, 46 tarixi abidə bərpa olunmuş, tarix və mədəniyyət abidələrinin mühafızəsi təmin edilmişdir.
Bununla yanaşı, uzun müddət öyrənilməsinə qadağa qoyulmuş Nuh peyğəmbər və Naxçıvan bağlılığı yenidən elmi tədqiqatların gündəliyinə çıxarılmış, Ordubad rayonu ərazisində olan və eradan əvvəl IV minilliyə aid edilən Gəmiqaya abidəsi, buradakı daşüstü yazılar öyrənilmiş, Naxçıvan şəhəri ərazisində Nuh peyğəmbərin qəbrinin yeri müəyyənləşdirilərək qədim mənbələr əsasında bərpa olunmuş, Naxçıvanın ilkin şəhər mədəniyyətinin öyrənilmə- sində mühüm amil olan Naxçıvan yaxınlığındakı Duzdağın və ona bitişik ərazilərin tarixi və arxeoloji istiqamətdə öyrənilməsinə başlanmış, əldə olunan nəticələr əsasında Naxçıvanın 5 min illik ilkin şəhər mədəniyyəti elmi dövriyyəyə daxil edilmişdir.
Təşkil olunan elmi ekspedisiyalar, aparılan arxeoloji tədqiqatlar Naxçıvanşünaslığın digər istiqamətlərinin də öyrənilməsinə ciddi əsas yaratmış, Naxçıvanın tarixi, mədəniyyəti, toponimikası, azərbaycanlıların soyqırımı və deportasiyası, maarifçilik hərəkatının və təbii ehtiyatların öyrənilməsi ilə bağlı 50-dən artıq simpozium və konfrans keçirilmiş, Naxçıvanşünaslığa aid 700-dən çox monoqrafıya, kitab, elmi məqalə, dərslik və dərs vəsaiti nəşr olunmuş, Naxçıvan Muxtar Respublika Kitabxanasında "Naxçıvanşünaslıq" bölməsi təşkil edilmiş, geniş məlumat bazasına malik "nakhchivan.az" internet portalı yaradılmışdır.
Azərbaycan alimlərinin diqqətini Naxçıvanın müasir elmi yanaşma baxımından öyrənilməsi vacibliyinə cəlb edən ümummilli lider Heydər Əliyev deyirdi: "Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir".
Yuxarıda qeyd olunanları nəzərə alaraq, habelə Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi kitabxanasının və Naxçıvan Muxtar Respublika Kitabxanası "Naxçıvanşünaslıq" bölməsinin bazasında Naxçıvanşünaslıq Mərkəzi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin Əsasnaməsi təsdiq edilsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
Naxçıvan şəhəri, 17 fevral 2011-ci il.