Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 10-cu maddəsinə əsasən, Naxçıvan muxtar dövlətinin rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Dövlət bayrağı müstəqilliyi təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş üçrəngli bayraq ikinci dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir. Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində taleyüklü məsələlərin müzakirə edildiyi həmin sessiyada “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərar qəbul olunmuş və üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi təsis edilməsi haqqında Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılmışdır.
Bayraq millətin şərəfi, onun milli varlığının təsdiqidir. Xalqın və dövlətin simvolu olan bayraq hər zaman ucalarda tutulur. Dövlət bayrağına ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcu, dövlətin suverenliyinə olan sevgi və hörmətinin göstəricisidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 22 avqust 2014-cü il