31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qeyd edir ki, uzun əsrlik tarixə malik olan Azərbaycan türkləri öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə xarici istilaya məruz qalmış, onun ərazisi zəbt edilmiş və parçalanmış, dövlət müstəqilliyi və istiqlaliyyəti əlindən alınmışdır. Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri ilə Azərbaycan türkləri və onun tarixi ərazisi bir daha parçalanaraq, Rusiya ilə İran dövlətləri arasında mənafe dairələrinə bölünmüşdür.
Lakin dəfələrlə tarixi ədalətsizliyə məruz qalsa da, iqtisadi, siyasi və mədəni bütövlüyü, milli dövlət qurumu ləğv edilsə də, Azərbaycan türkləri müstəqillik və bütövlük yolunda mübarizəsini dayandırmamış, iyirminci yüzilliyin əvvəllərində yaranmış mürəkkəb tarixi şəraitdə öz müstəqilliyini bərpa etmək yolunda mühüm addımlar atmışlar. İmperiya zülmündən azad olan Quzey Azərbaycan türkləri 1918-ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq öz tarixi ərazisində milli dövlət qurumunu - Azərbaycan Xalq Cümhuriyyətini təşkil etdilər. Çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü yeni təcavüzə - bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Beləliklə, qanuni seçilmiş hakimiyyət orqanı zorakılıqla devrildi və Azərbaycan türklərinin çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoyuldu. Azərbaycanın quzeyi 1804-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi. Xalqın demokratik və istiqlalçı qüvvələrinin əksəriyyəti repressiyaya məruz qaldı, bir qismi isə mühacirət etməyə məcbur oldu.
Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan türkləri təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışlar. İmperiya siyasəti dünya türklərini bir-birindən təcrid etmək məqsədilə pantürkizm məfhumunu Şərq .aləmində təhlükəli bir ideya kimi təbliğ edərək, dünya türklərini və о cümlədən Sovetlər İttifaqında yaşayan türklərin arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi. Bu siyasətin təzahürü kimi qanunsuz çəkilən sərhəd çəpərləri Azərbaycan türklərini ikiyə parçaladı. Bütün bunlara baxmayaraq, Azərbaycan türkləri milli dövlət quruculuğu, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər.
Son illərdə xalqın milli özünüdərki güclənmiş, ictimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində muxtar respublikada milli ziyalıları və demokratik qüvvələri vahid milli birlik və müstəqillik ideyası uğrunda mübarizə ətrafında birləşdirən siyasi dərnəklər və ictimai birliklər yaranmışdır. Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsinin 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək zorakılıqla ikiyə bölünmüş Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi.
Sovet İttifaqı Kommunist Partiyası, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitələri və onların yerli orqanları, ölkənin sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün hərbi-siyasi təsir vasitələrinə əl atdılar. Lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi ardıcıl olaraq “Sərhəd hərəkatı” adı ilə bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın о tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Beləliklə, 1989-cu il dekabrın 31-i dünya Azərbaycan türklərinin həmrəyliyi bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü respublikanın demokratik qüvvələri tərəfindən geniş qeyd edildi.
Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya və hegemonluq mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr qara yaxaraq onu antidemokratik, bir qrup ekstremistin və cinayətkar ünsürün əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışırdılar. Bu məqsədlə əsassız olaraq sərhəd zonasında fövqəladə vəziyyət rejimi yaradıldı. Sərhəd hərəkatı ilə bağlı kommunist rəhbərlərin göstərişinə əsasən Xalq Cəbhəsi üzvlərinə qarşı repressiya daha da gücləndi, onlardan bir neçəsi əsassız həbs olundu, işdən çıxarıldı, bir çox yerlərdə sökülmüş sərhəd çəpərləri bərpa olundu.
Kommunist ruhlu kütləvi informasiya vasitələri var gücü ilə sərhədlərin sökülməsini vəhşilik adlandırdı, nəyin bahasına olursa-olsun xalqın iradəsini, inamını qırmağa cəhd göstərdilər. Lakin qonşu ölkələrin, dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin, ümumən türk dünyasının bu prosesə parçalanmış xalqların təbii birləşmə meyli kimi baxması və müdafıə etməsi, onu ölkədə və dünyada gedən demokratik proseslər mövqeyindən qiymətləndirməsi xalqımıza qarşı yönəldilmiş mürtəce təbliğatın qarşısını qismən aldı. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dəməkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real nəticəsi kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.
2. 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilsin.
3. Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər.
4. Akad. Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan EA Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Gününə həsr olunmuş elmi konfrans keçirsinlər.
5. Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və onların ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.
Bu qərarın dünya Azərbaycan türklərinə çatdırılması təmin edilsin.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər ƏLİYEV
Naxçıvan şəhəri, 16 dekabr 1991-ci il