Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsini təmin etmək məqsədilə və Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar iştirakını nəzərə alaraq, qərara alıram:

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yaradılsın.

2.«Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2005-ci il üçün dövlət büdcəsindən və 2006-cı il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutsun;

3.2. bu Fərmanın icrasını təmin etmək üçün digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın icrasını təmin etmək üçün zəruri olan məsələləri həll etsin.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin inzibati bina ilə təmin edilməsi üçün zəruri olan tədbirləri görsün və bu Fərmanın icrasını təmin etmək üçün digər məsələləri həll etsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 31 oktyabr 2005-ci il