“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Azərbaycan türkləri tarixin bütün dövrlərində bu ərazidə yaşayaraq zəngin mədəniyyət və memarlıq nümunələri yaratmışlar.
Yaradılmış memarlıq abidələri içərisində qalaların özünəməxsus yeri var. Onlardan biri də Naxçıvanqaladır. Aparılmış tədqiqatlar göstərir ki, Naxçıvanqala təkcə müdafiə məqsədi daşımamış, eyni zamanda bu tarixi ərazidə formalaşmış ilkin şəhər mədəniyyətinin də ayrılmaz elementinə çevrilmişdir.
İlk orta əsrlərə aid mənbələrdə Naxçıvan şəhəri ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edilmişdir. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri verilmişdir. Plana əsasən qala iki hissədən – kiçik qala (Narınqala) və Böyük qaladan ibarətdir. Narınqalanın qalıqları günümüzədək qorunub saxlanmışdır. Qala divarları daş qatışığı olan möhrədən inşa edilmiş, yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Yaşayış binaları əsasən qala divarları boyunca salınmış, onların üstündən döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunmuşdur. Naxçıvanqalanın altından keçən kəhrizlər istər dinc, istərsə də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına, eləcə də ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.
Ötən əsrin ortalarında Naxçıvanqalada aparılmış tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, saxsı qablar və Tunc dövründə (eradan əvvəl 3-2-ci
minilliklər) duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilmişdir. Qeyd olunanlar sənətkarlığın inkişaf etdiyi və şəhər
mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.
Naxçıvanqalanın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri də qala divarları yaxınlığında Nuh peyğəmbərin məzarının mövcudluğudur. Bizim eradan
əvvəl I əsrdə yəhudi tarixçisi İ.Flavi və bizim eranın II əsrində yunan coğrafiyaşünası K.Ptolomey Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, rus
tədqiqatçısı K.A.Nikitin 1882-ci ildə nəşr etdirdiyi məqaləsində Naxçıvan şəhərinin əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğunu bildirmişdir.
XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma və bərpa işləri aparılmış, Naxçıvanqalanın əvvəlki görkəmi özünə qaytarılmışdır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə qərara alıram:
1. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsəlləri həll etsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 05 iyun 2013-cü il
№ 135-04/S