Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı

Azərbaycanın Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçı- van ərazisində qədim daş dövründən başlayaraq bu yurdun ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Azərbaycan xalqınm ümummilli lideri Heydər Əliyev demişdir: "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır". Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür.
Qədim Naxçıvan torpağı antik, orta əsrlər və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə - ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrlə, digər tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızın təsərrüfat, ictimai və mənəvi həyatını, adət-ənənələrini və incəsənətini öyrənmək üçün qiymətli mənbədir.
Muxtar respublika ərazisindəki Qazma, Əshabi-Kəhf və Kilit mağaraları, Batabat yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır. IV minilliyin sonu - II minilliklərdə Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Govurqala kimi qala-şəhər məntəqələri yaranmışdır.
Naxçıvanın daş dövrü abidələri içərisində ən məşhuru Əshabi- Kəhfdir. Eradan əvvəl III minilliyə aid edilən bu abidə ziyarətgahdır. Qədim tariximizin yadigarı olan, xalqımızın bir sıra inamlarını özündə yaşadan bu abidə barədə müqəddəs dini kitablarda bəhs edilməsi, "Quran"da ayrıca surənin olması onun daha əvvəllər də tanmmasının sübutudur.
Naxçıvan ən qədim abidələrindən biri də Gəmiqaya qayaüstü rəsmləridir. Eradan əvvəl IV-I minilliyə aid olan bu abidə Azərbay can xalqının qədim tarixini və mədəniyyətini özündə yaşadır. Qayaüstü rəsmlərlə və simvolik işarələrlə zəngin olan Gəmiqaya abidəsi qədim əcdadlarımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik- fəlsəfı baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər qalereyasıdır.
Naxçıvan qədim və orta əsr memarlıq abidələri ilə də zəngindir. XII əsrdə qüdrətli Azərbaycan atabəyləri dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq "Naxçıvan memarlıq məktəbi" adı ilə tariximizə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafız Naxçıvani kimi dahi memarlar, sənətkarlar vermişdir.
Azərbaycanda orta əsr xatirə memarlığının ən geniş yayılmış tipi olan qülləvari türbələrin yaradılmasmda naxçıvanlı memarların böyük xidmətləri olmuşdur. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrin ikinci yarısında Naxçıvanda ucaltdığı Yusif Küseyir oğlu və Möminə Xatm türbələri orta əsrlər mədəniyyətinin insan xatirəsini monumental ölçülərlə əbədiləşdirən ən uğurlu nümunələridir. Haqlı olaraq bu dövrü monumental sənət yaradıcılığının, Azərbaycan mədəniyyətinin qızıl dövrü adlandırırlar. Əcəmi Naxçıvani öz əsərlərində təkcə bədii təfəkkürün dərinliyini və təkrarolunmazlığını deyil, eləcə də geniş riyazi biliyə əsaslanan mühəndislik dühası göstərmiş, XII əsr Azərbaycan elminin tükənməz imkanlarını nümayış etdirmişdir.
Tədqiqatlar göstərir ki, XII əsrdən başlayaraq Naxçıvanda 3-4 mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, məscidlər, zəngin tərtibatlı hamamlar inşa olunurdu. Buradakı qədim dövrlərə və orta əsrlərə aid yaşayış məskənləri, siklop tikililəri, qalalar, istehkamlar, memarlıq abidələri inşaat materiallarının və tikinti texnikasının zən ginliyi ilə diqqəti cəlb edir.
Bu qiymətli abidə və tikililərdə Yusif Küseyr oğlu (1162) və Möminə Xatın (1186-1187) türbələrini, Gülüstan türbəsini (XII-XIII əsrlər), Qarabağlar memarlıq kompleksini (XlII-XIVəsrlər), Xanəgah (XIII-XV əsrlər), Buzxana (XVI əsr), Xan evi (XVIII əsr), İmamzadə kompleksi (XVIII əsr), Şərq hamamı (XVIII-XIX əsrlər), Zaviyyə mədrəsəsi (XVIII-XIX əsrlər), Cümə məscidi (XIX əsr) və sair tarixi memarlıq abidələrini göstərmək olar.
Qədim Azərbaycanın Naxçıvan ərazisinə gəlmiş Övliyə Çələbi, Taverniye, Şarden, Dübuye de-Monpere, Moryer, Robert Ker Porter kimi Şərq və Avropa tarixçiləri, coğrafıyaşünaslar, səyyahlar, missionerlər bu qədim diyarda tikilmiş abidələr, mədəniyyət ocaqları haqqında qiymətli məlumatlar, xatirələr qoyub getmişlər. Məşhur sənətşünas M.V.Alpanov yazırdı ki, Firdovsi və Nizami kimi Şərqin ölməz klassiklərinin əsərlərində duyduğumuz bəşəri təravəti biz "Naxçıvan abidələrində görürük". Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvan diyarını "İkinci Altay" adlandırmışdır.
Ötən dövrlərdə tarixi abidlərimizə münasibət birmənalı olmamış, bu abidələr zamanın ağır sınağı qarşısında qalmış, bir qismi dağılıb sıradan çıxmışdır.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi tariximizin canlı nümunəsi olan arxeoloji tapıntılara, abidələrə münasibəti dəyişmiş, onların yad təsirlərdən qorunması, mühafızəsi və bərpası işi diqqət mərkəzində saxlanmışdır.
Möhtərəm Heydər Əliyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin təşkil edilməsi Naxçıvan tarixinin və maddi-mədəniyyət nümunələrinin öyrənilməsinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Ümummilli liderimiz bu elmi müəssisənin təşkili ilə əlaqədar Naxçıvanda keçirdiyi müşavirədə demişdir: "Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi- memarlıq abidələri var. Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı da göstərilməyibdir, hətta müxtəlif proseslər zamanı, bəzən müharibələrlə, yaxud da ki, başqa hadisələrlə əlaqədar onlarm uçurdulması, dağıdılması halları olubdur. Amma bu tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənlərini göstərən abidələrdir.
Lakin bunlar haqqmda tarixi mənbələr və toplular varmı? Hesab edirəm ki, yoxdur... Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr bəs bunu kim edəcəkdir? Bax, bütün bu səbəbdən mən Naxçıvan Muxtar Respublikasında Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm".
Ümummilli liderimizin diqqət və qayğısı nəticəsində Naxçıvan abidələri ikinci ömrünü yaşamağa başlamışdır. Möminə Xatın və Qarabağlar memarlıq kompleksi restavrasiya edilmiş, Əshabi-Kəhf, İmamzadə, Buzxana abidələri, Bazarçay ətrafındakı yeraltı abidə, Şərq hamamı, Yusif Küseyir oğlu türbəsi, Xan evi, Ordubadda Aza körpüsü, qədim Zorxana abidəsi, Culfada Xanəgah kompleksi əsaslı bərpa olunmuşdur. Bundan başqa, daşdan düzəldilmiş qədim qoç heykəllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədi ilə Açıq Səma altmda muzey yaradılmış, Naxçıvan memarlıq məktəbinin müasir dövrümüzdə ən layiqli davamı olan Hüseyn Cavid məqbərəsi ucaldılmışdır. Gəmiqaya qayaüstü təsvirlərini öyrənmək məqsədi ilə elmi ekspedisiyalar yaradılmış, Naxçıvan abidələrinin sistemli şəkildə öyrənilməsinə başlanmışdır.
Bu abidələri yenidən və əsaslı şəkildə tədqiq etmək, öyrənmək, siyahıya almaq, bərpa etmək və gələcək nəsillərə çatdırmaq məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili məqsədilə komissiya yaradılsın.
2. Komissiya 2006-ci ilin sonunadək tarix və mədəniyyət abidələrinin pasportlaşdırılmasını təmin etsin.
3. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsm ki, muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunmasını təmin etsinlər.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV

Naxçıvan şəhəri, 06 dekabr 2005-ci il