Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılış mərasimində nitq söyləmişdir.

GÖRKƏMLİ YAZIÇI-PUBLİSİST, DRAMATURQ, İCTİMAİ XADİM

CƏLİL MƏMMƏDQULUZADƏNİN EV-MUZEYİNİN AÇILIŞI MƏRASİMİNDƏ

NİTQİ

Naxçıvan

13 oktyabr 1999-cu il

Əziz dostlar, xanımlar, cənablar, bacılar, qardaşlar!

Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli nüma­yən­dələri, alimlər!

Üç gündür ki, Naxçıvandayıq. Burada Naxçıvanın Muxtar Respublika kimi yaranmasının 75-ci ildönümünü təntənə ilə qeyd edirik. Mən bu üç gün ərzində bəlkə də son aylarda bu qədər enerji ilə işləməmişdim, bu qədər ayaqüstə durmamışdım, insanlarla bu qədər əlaqədə olmamışdım. Çünki bilirsi­niz ki, mən Amerikada cərrahiyyə əməliyyatı keçirəndən son­ra həkimlər mənə göstəriş vermişdilər ki, çox ciddi rejimdə olmalıyam. Mən bu rejimi çoxdan pozmuşam. Amma bu gün­lərdə tamamilə pozmuşam. (Alqışlar). Nə üçün əl çalırsı­nız, rejimi pozduğuma görə? Əksinə, siz gərək deyəydiniz ki, rejimi pozmayın, biz sizə məsləhət görmürük. Çünki niyə, mənim çiyinlərimdə ağır yük var, Azərbaycan xalqının, müs­tə­qil Azərbaycanın prezidenti kimi, məsul bir yük var. Mən bu yükü üzərimə götürərkən, çiyinlərimə alarkən dərk edir­dim ki, bu, asan məsələ, asan iş deyil.

Xüsusən, xatırlayın, 1993-cü ildə Azərbaycanın o vəziy­yətin­də mən buradan, Naxçıvandan Bakıya dəvət olundum və getdim. O vaxt Naxçıvanın da nə qədər ağır vəziyyətdə ol­du­ğunu görürdüm. Ancaq Bakının o qədər ağır vəziyyətdə, Azər­baycanın da o qədər ağır vəziyyətdə olduğunu təsəvvür edə bilmirdim. Amma gəldim, gördüm. Bilirsiniz ki, mənə təklif olunan vəzifəyə bir neçə gün razılıq vermədim. Ancaq düşündüm, fikirləşdim ki, bizim bu millət, dövlət, ölkə, Azərbaycan dağılır, parçalanır. Bəs nə olacaq? Xalqımız nə olacaq? Şübhəsiz ki, xalq heç vaxt ölməz.

Mən dünən dedim, - Naxçıvan Azərbaycanın bir parçası ki­mi və vaxtilə Atabəylər hakimiyyəti dövründə Azərbayca­nın paytaxtı və mərkəzi kimi dəfələrlə hücumlara məruz qalıb­dır, yerlə-yeksan olubdur, kül olubdur. Amma qalxıbdır, ya­şa­yıbdır. Ancaq xalqı öldürmək mümkün deyildir. Xalqı əz­mək, sındırmaq, onun inkişafını böyük bir zaman çərçi­və­sində dayandırmaq mümkündür və mümkün olubdur. Bi­zim xalqımız öz çoxəsrlik tarixində bunların hamısını görüb­dür.

Bunları düşünərkən mən fikirləşdim ki, indi xalqı bu vəziyyətdə qoymaq olmaz. Ona görə də mən, xatirinizdədir ki, iyunun 15-də bu vəzifəni öz üzərimə götürdüm. Bir halda ki, götürdüm, bunu daşımalıyam – xəstəyəm, xəstə deyiləm. İndi xəstə deyiləm. Amma ürəyimdə cərrahiyyə əməliyyatı aparıblar. Bu, asan bir iş deyildir. İndi burada elə bir adam tapılmaz ki, ürəyimdə cərrahiyyə əməliyyatı aparılmış olsun. Amma mənim ürəyində ediblər. Bundan sonra, təbiidir ki, həkimlər mənə deyirdilər ki, altı ay gündə iki saatdan artıq işləməməlisən, bir il də tamamilə rejimdə olmalısan. Mən bunları pozdum. Allah da mənə kömək edir. Bu məsuliyyəti üzərimə götürərək bu gün də bu qədər, belə gərgin işləyərək həmişə düşünmüşəm: Bizim ulu babalarımız, əcdadlarımız, bizdən əvvəlki nəsillər Azərbaycanı yaradıblar, yüksəldiblər, Azərbaycan xalqını inkişaf etdiriblər. Xüsusən, Azərbayca­nın mütəfəkkir, uzaqgörən insanları, – onların içərisində şübhəsiz ki, yazıçılar, alimlər, mütəfəkkirlər də, – Şərqin hər tərəfi əhatə etdiyi bir yerdə, Azərbaycan da Şərqin içərisində olduğu bir məkanda Azərbaycanı daha çox inkişafa və mədəniyyətə, daha çox dünyəviliyə aparıblar.

Mən dünən çıxışımda dedim, bu gün də deyirəm, - Azər­baycan bizi əhatə edən istər uzaq, istər yaxın – bütün Şərq ölkə­lərindən bu gün fərqlənir. Nəyə görə fərqlənir? Əgər bi­zim ulu babalarımız, əcdadlarımız Azərbaycanda mədəniy­yəti, elmi, dünyəviliyi, tərəqqini yaratmasaydılar, onu inkişaf etdirməsəydilər, bəli, Azərbaycan belə olmazdı. Azərbay­can­da insanlar bu gün də çadra altında olacaqdılar. Azərbaycan öz milli ənənələrini, dəyərlərini, dini dəyərlərini qoruyaraq, saxlayaraq, inkişaf etdirərək eyni zamanda dünyəvi mədəniy­yə­tə doğru gedibdir. Azərbaycan xalqının buna nail olma­sın­da Azərbaycanın böyük simaları­nın, o cümlədən dahi insan Cəlil Məmməd­qulu­zadənin – Mirzə Cəlilin xüsusi xidməti və rolu olubdur.

Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər «Molla Nəs­rəd­din» jurnalı yatmış insanları qaranlıqdan çıxarmağa çalış­ma­saydı, əgər onun «Ölülər» əsəri insanların gözünü real dün­ya­ya açmasaydı xalqımız bu qədər inkişaf edə bilməzdi. Bu sözlər təkcə Cəlil Məmmədquluzadəyə aid deyil, bizim çox dahilərimizə aiddir. Ancaq biz bu gün məhz Mirzə Cəlilin evinə gəlmişik və burada onun xatirəsini yad edirik. Ona görə də mən bu sözləri deyirəm.

Bəli, Azərbaycanın dahi insanları çoxdur. Əkrəm Əylisli bir yazıçı kimi onlardan üçünün adını çəkdi. Amma mən onlarının, yüzlərinin adlarını çəkə bilərəm. Azərbaycanın böyük tarixini götürsək, lap müasir tarixini götürsək, XX əsri, XIX əsri götürsək belə şəxsiyyətlər çoxdur.

Azərbaycanın zənginliyi bir də ondan ibarətdir ki, ölkəmiz elə insanlar yetiribdir ki, bu insanlar kütləni, xalqı oyada bilib, qaldıra bilib, onlarda milli ruhu inkişaf etdirə bilib, milli ruhu canlandıra bilib və millətimiz millət olub, millətimiz inkişaf edibdir.

Cəlil Məmmədquluzadənin yaradıcılığı həqiqətən unudul­ma­yıbdır. Ancaq hesab edirəm ki, onun fəaliyyətinə, yara­dı­cı­lığına nə qədər yüksək qiymət versək də, yenə də onun borcundan çıxa bilmərik.

Görülən işlərin sırasında, xatirimdədir, mən 70-ci illərdə Ba­kı­da bizim bir neçə ədəbiyyat, musiqi, mədəniyyət xadim­lərinin ev muzeylərinin açılması haqqında qərarlar qəbul edərkən Cəlil Məmmədquluzadənin Bakıda ev muzeyinin açılması haqqında da qərar qəbul etdim. Orada işlədiyim dövrdə bir neçəsini mən yarada bildim. Üzeyir Ha­cı­bəyovun, Səməd Vurğunun ev muzeylərini yaratdım. Bül­bü­lün, Cəfər Cabbarlının ev muzeylərini yaratdım və Cəfər Cab­barlıya böyük heykəl ucaltdım. Amma gedəndən sonra işlərim yarımçıq qaldı.

Yarımçıq qalan işlər çox idi. Ancaq bu sahədə – mədəniy­yət sahəsində məni həmişə narahat edən bir də o idi ki, mən 1981-82-ci illərdə böyük cəsarət göstərərək Hüseyn Cavidin cənazəsini Sibirdən Azərbaycana gətirdim. Bakıya gətirdik. O vaxt orada iştirak edən hörmətli elm və mədəniyyət xa­dim­lə­rimizlə məsləhətləşirdik. Əksəriyyət belə fikirdə idi ki, Hüseyn Cavidin cənazəsini Bakıda, Fəxri xiyabanda torpa­­ğa ver­mək lazımdır. Mən isə dedim – yox, onu Naxçı­va­na apar­maq lazımdır.

Fəxri xiyabanda dahilərimiz yan-yanadır, hamısına böyük hörmət var. Amma Hüseyn Cavid həm əsərlərinə görə, həm də əqidəsinə görə o qədər ağır cəzalandığına görə və bütün xid­mətlərinə görə, güman edirəm ki, xüsusi bir abidəyə layiq­dir. Ona görə də qoy qədim Azərbaycan diyarı Naxçıvanda əcdadlarımız tərəfindən yaradılmış abidələrlə yanaşı, bizim yaratdığımız bir abidə də olsun. Əcəmi Naxçıvanini Mömünə Xatun abidəsi ilə yanaşı, bizim dövrümüzün də bir abidəsi olsun. Bir də ona görə ki, Cavid bu torpaqda doğulubdur. Azərbaycanın müxtəlif bölgələrində doğulmuş adamların hamısı Bakıda torpağa verilsə, onda bəs Azərbaycanın başqa yerləri kasıb olacaq axı.

Hamı mənimlə razı oldu. Gətirdik buraya və o vaxt mən elan etdim ki, onu adi qəbiristanda yox, Naxçıvan şəhərinin mərkəzində, öz ata-baba evinin yanında, – ora elə şəhərin mərkəzi idi, – torpağa verək və böyük bir abidə yaradaq. Amma bilirsiniz ki, bundan sonra mən Azərbaycanı tərk etdim. Mən gedəndən sonra hər şey qaldı. Məni yandıran bu idi. Buna görə də mən o vaxt düşünürdüm, – bəlkə də səhv etdim, bəlkə də lazım deyildi, bəlkə də elə Fəxri xiyabanda olmalı idi. Düşünürdüm, maraqlanırdım – Naxçıvanda bir abidə yarandı? Yox, yox.

1990-cı ilin isti yayı – iyun ayı idi. Buraya gəldim, məni çox hərarətlə qarşıladılar. Əkrəm Əylisli gəlmişdi, gedib o həyətdə söhbət edirdik – bacımın xırda bir koması vardı, yadındadır? Orada bir balaca nəfəs alandan sonra dedilər ki, meydana Naxçıvanın hər yerindən adamlar toplaşıb. Həqi­qə­tən, yüz minə qədər adam toplaşmışdı, onlarla görüşmək lazım idi. Dedim, yox, onlarla görüşməzdən qabaq mən gərək Hüseyn Cavidin məzarını, qəbrini ziyarət edim. Gedib nə gördüm – bir başdaşı var, başqa heç bir şey yoxdur. Qəlbim daha da incidi.

Naxçıvanda işləyirdim. Demək olar ki, bütün ağır işlərlə bərabər fikirləşirdim ki, nə edim, öz niyyətimi necə yerinə yetirim. Yerli memarlar bir-iki layihə yaratdılar. Amma və­sait yox, Naxçıvanın özünü sıxırlar, qoymurlar. Və belə oldu ki, getdim. Demək, Allah mənim tərəfimdə imiş. Getdim və Bakıya gəlib bir neçə işləri qurtarandan sonra 1982-ci ildə qəbul etdiyim həmin qərarın həyata keçirilməsinə nail oldum. İndi Hüseyn Cavidin məqbərəsini gedib gördünüz.

Gəlib öyrəndim ki, Mirzə Cəlilin Bakıda ev muzeyi yaranmayıbdır. Bu o qədər çətin bir şey deyildi. Göstəriş ver­dim, təmir etdilər, hazırladılar. O vaxtları, mənim vaxtımda bu­nu mən niyə yerinə yetirə bilmədim? Çünki onun qo­hum­la­rı orada yaşayırdılar və onlara ev vermək lazım idi ki, çıx­sın­lar. Onlara da ev verdik, birini, ikincisini verdik, üçün­cü­sü­nü də verdik. Bəziləri çıxdı, amma biri çıxmadı. Qabilin ya­dın­dadır. Elə Cəfər Cabbarlının ailəsi də mənim başıma o işləri gətirdi. Cəfər Cabbarlının evini azad etmək istəyirdim. Oğlu deyirdi ki, mən buradan çıxmaram ki, çıxmaram. A kişi, şəhərin mərkəzində sənə yaxşı ev veririk. O deyirdi ki, dağ­lı məhəlləsindən çıxmaram. Yaxşı, o vaxtı Lenin meyda­nın­da – indi Azadlıq meydanıdır – yaxşı binalardan birində ev verdik, ikincisini verdik, üçüncüsünü verdik… Sonra qızı Gülara xanımın köməyi ilə bunları birtəhər yola gətirdik, orada Cəfər Cabbarlının ev muzeyini düzəltdik.

Burada da belə bir hadisə ilə rastlaşdıq və bu məsələni mən həll edə bilmədim, yəni çıxıb getdim, qaldı – o vaxtdan, mən gedəndən Azərbaycana yenidən qayıdanadək qaldı. Mən gəlib Bakıda Cəlil Məmmədquluzadənin ev muzeyini yarat­dım. Bunu, şübhəsiz ki, burada da etmək istəyirdim. Mən burada Hüseyn Cavidin ev muzeyini Azərbaycanda işləyər­kən yaratmışdım. Ancaq 1990-cı ildə Naxçıvana gələrkən gedib gördüm ki, bərbad vəziyyətdədir və ətrafı da, məni bağışlayın, üzr istəyirəm, naxçıvanlılar bilirlər, zibillik idi. Ora keçmək mümkün deyildi. Amma Cəlil Məmmədquluza­də­nin buradakı ev muzeyini mən o vaxt təşkil edə bilməmiş­dim. Bu da mənim arzum idi. Bu arzuma da çatdım. İndi sizinlə birlikdə Cəlil Məmmədquluzadənin Naxçıvanda, do­ğul­duğu, yetişdiyi bu torpaqda yaşadığı evin qarşısına gəl­mi­şik və burada yaradılmış muzeyi birlikdə açırıq.

Burada deyildi, – Naxçıvan böyük, dahi insanlar yetir­miş­dir. Naxçıvan torpağı doğrudan da çox qəribə bir torpaqdır. Amma Cəlil Məmmədquluzadənin doğulduğu bir kənd də var – Nehrəm kəndi. Orada doğulubdur, dünyaya gəlibdir. O kənd çox qəribə bir kənddir. Həqiqətən çox mövhumatcıl bir kənddir, dinə çox bağlı kənddir. Amma eyni zamanda, təsəv­vür edin, o kənddə doğulmuş adam – onun atası Məmməd­qu­lu kişi öz oğlunu o kənddən ayırır, Qori seminariyasına, bu­ra, Naxçıvana oxumağa göndərir. Bu kənd qeyrətli insan­lar kəndidir. Mən o kəndi həmişə sevmişəm. Xatirimdədir, 40-cı illərdə mən Naxçıvanda yaşayanda Cəlil Məmmədqulu­za­dənin qızı Münəvvər xanım burada idi, mən onunla dəfə­lər­lə görüşürdüm. Mən gənc idim, onunla yaş fərqim böyük idi. Ancaq Cəlil Məmmədquluzadəyə görə onu daha yaxın­dan tanımaq, öyrənmək üçün çalışırdım, görüşürdüm. O vaxt onunla görüşmək də asan deyildi. O, SSRİ-nin deputatı idi. Ancaq görüşürdüm.

Bu kənd qəribə bir kənddir. Elə Cəlil Məmmədquluzadə kimi şəxsiyyəti dünyaya gətirdiyinə görə bu Nehrəm kəndi xüsusi hörmətə layiqdir. Amma təkcə ona görə yox. Orada həmişə çox qəhrəman insanlar yaşayıb. Oranın xüsusi mühiti var. Məlumdur ki, 1918-ci ildə erməni daşnakları Naxçıvana hücum edib naxçıvanlıları qıran zaman, Andronikin ordusu buradan keçən zaman nehrəmlilər onun dərsini vermişdilər. Nehrəm belə qəhrəman insanların kəndidir. Mən bunu bir daha öz həyatımda hiss etdim.

1987-ci ildə mən Moskvada istefaya gedəndən sonra həya­tımda çox ağır dövr başlandı. Bu dövrdə, məlumdur, mə­nim əleyhimə nə qədər böhtanlar, yalanlar yaymağa çalışdılar. Həm Moskvada, təəssüflər olsun ki, Azərbaycanın özündə də. Bu ağır dövrü mən yaşadım. Ancaq Naxçıvan əhalisi, xü­susilə nehrəmlilər o vaxt mənim arxamda möhkəm durur­dular. Bir neçə faktlar var. Hamısını demək istəmirəm. Amma birini demək istəyirəm. Mənə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi və ona görə də o vaxtkı Sovet İttifaqının Ali Sovetinin qərarı ilə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı alan şəxslərin sağlığında onların heykəli, büstü qoyulurdu. Bu qərar ilə Naxçıvanda mənim büstüm qoyulmuşdu. O vaxtlar, mənim əleyhimə işlər gedən zaman buradakı bəzi yaltaqlar, o cümlədən Bakıda xalqına xain olan insanlar Moskvaya yaltaqlıq etmək üçün deyirdilər ki, Heydər Əliyevin büstü dağıdılsın. Baxmayaraq ki, SSRİ-də heç bir yerdə qurulan büstlərin biri də dağıdılmadı, hamısı durur. Amma burada bu addımı atmaq istəmişdilər.

Ermənilər bura hücum edən zaman, – məlumdur ki, Moskva­da mənim hakimiyyətdən getməyimin səbəb­kar­la­rın­dan biri də erməni lobbisi oldu, ermənilər oldular, - ermənilərin gecə gəlib bu büstü dağıtmaq istəməsi təhlükəsi olmuşdu. Nehrəmlilər aylarla gecə-gündüz orada növbə çəkmişdilər və büstü qoruyub saxlamışdılar. İş onda deyil, o büstü dağıda da bilərdilər. Həyatdan o qədər incimişdim ki, mən sizə açıq deyirəm, xidmət etdiyim hakimiyyətdən, o partiyadan o qədər incimişdim ki, mənim üçün fərqi yox idi – büstvar, yoxdur. Mən ümumiyyətlə, – sabah yaşayacağam, yaşamayacağam, – belə bir psixoloji vəziyyətdə idim. Mənim üçün bunun fərqi yox idi. Amma insanların sədaqətliliyinə, mərdliyinə baxın. Bunun əsas təşkilatçısı nehrəmlilər ol­muş­lar. Ona görə Mirzə Cəlil öz xalqına, millətinə nə qədər sədaqətli olduğu kimi, nehrəmlilər də həm Mirzə Cəlil irsinə, həm Azərbaycan xalqına, həm Azərbaycan dövlətinə və onların sevdiyi insanlara o qədər sədaqətlidirlər. Mən bu sözləri bu gün nehrəmlilərə böyük hörmət və ehtiram hissi ilə deyirəm.

Bilirsiniz, mən xoşbəxt günlərimdən birini yaşayıram. Nə üçün? Çünki arzuma çatmışam. Çünki Mirzə Cəlilin ev muze­yini yaratmaq istəmişəm, bunu da yaratmışam. Azərbay­canın mötəbər adamları ilə bir yerdəyəm və bunu bir yerdə açırıq. Allah Mirzə Cəlilə rəhmət eləsin. Mirzə Cəlilin irsi, şəxsiyyəti, xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaqdır.