AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏDRLİYİ İLƏ
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏKİ MÜŞAVİRƏDƏ
GİRİŞ NİTQİ
Naxçıvan şəhəri
11 avqust 2002-ci il
- Naxçıvan Muxtar Respublikasının problemləri çoxdur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan vaxtilə respublikamıza edilən qəsd nəticəsində, - mən bunu dəfələrlə demişəm, - Azərbaycanın əsas, böyük ərazisindən bir az ауrı düşübdür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan da Naxçıvan blokada şəraitindədir. İndi də belədir. Dəmir yolu rabitəsi kəsilib, qaz xətləri о vaxt kəsildi, elektrik xətləri kəsildi. Burada о vaxtdan işləyən adamların hamısı bunu xatırlayır. Onda mən də burada idim. Ancaq biz bunlardan о qədər də sarsılmadıq. Doğrudur, respublikanın əhalisi çox ağır vəziyyətə düşdü. Amma biz vəziyyətdən çıxış yollarını tezliklə axtarıb tapdıq. Türkiyədən, İrandan elektrik xətləri çəkdirdik, başqa işləri gördük. Xüsusən Bakı ilə Naxçıvan arasında hava yolunu daha da genişləndirdik. Eyni zamanda İran ərazisindən avtomobil nəqliyyatının Naxçıvana və Naxçıvandan Azərbaycanın müxtəlif yerlərinə, о cümlədən Bakıya hərəkətini təmin edə bildik.
Blokada şəraitinə baxmayaraq, son dövrdə, yəni təxminən 1994-1995-ci illərdən sonra Naxçıvanda sosial-iqtisadi inkişaf vardır. Muxtar Respublika, onun iqtisadiyyatı inkişaf edir, quruculuq işləri gedir. Naxçıvan şəhəri abadlaşıb, onun siması çox dəyişibdir. Naxçıvanın əskidən, keçmişdən çox gözəl, özünəməxsus siması var. Onun memarlıq abidələri, ümumiyyətlə, şəhər quruluşu var. Əgər insanlar onları öyrənə bilsələr, görərlər ki, Naxçıvanda hələ qədim zamanlardan şəhərin planlaşdırılması, küçələrin, evlərin, məhəllələrin yerləşdirilməsi xaotik olmayıb, çox əsaslı olubdur. Əksinə, bu xaotiklik bizim dövrümüzdə, xüsusən
1988-1989-cu illərdən sonrakı dövrdə olubdur. Amma keçmişi götürsək, - mən о vaxt Naxçıvanda yaşayan adamlardan biriyəm, - Naxçıvanın küçələri çox ağılla qurulmuşdu. Məsələn, Puskin küçəsini götürsəniz, o, Əlixan məhəlləsindən başlayıb Şahab məhəlləsi qurtarana qədər uzanan prospekt kimi böyük küçədir. Amma onu kəsən küçələr də vardı. Bir neçə küçə onu perpendikulyar olaraq kəsirdi. Amma Əlixan məhəlləsindən Şahab məhəlləsinə gedən təkcə Puşkin küçəsi deyildi. Onunla paralel küçələr də vardı. Memarlıq nöqteyi-nəzərindən 1930-40-cı illəri xatırlayarkən mən həmişə düşünürəm ki, vaxtilə şəhərin salınmasında, - baxmayaraq ki, о dövrdə nə Dövlət Plan Komitəsi vardı, nə də dövlət vardı, - Naxçıvanda şəhərsalma qanunlarına nə qədər riayət olunubdur.
1970-80-ci illərdə biz Naxçıvanda çox böyük inşaat, quruculuq işləri apardıq. Yeni mikrorayonlar salındı, yaşayış binaları, sənaye müəssisələri tikildi. Bu işlərin də hamısı müəyyən şəhərsalma qanunlarına uyğun olaraq görüldü. Yəni bununla onu demək istəyirəm ki. Naxçıvanda keçmişdən, kökündən hər şey düzgün qurulubdur. Ancaq müstəqillik dövründə keçid illəri çox ağır olmuşdur. 1991-ci ilin sentyabrında biz burada birlikdə işə başladıq. Amma о illər çox ağır illər idi. Ondan sonrakı dövrdə, - 1993, 1994, 1995-ci illərdə Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək, iqtisadiyyatın tənəzzülünün, bir çox mənfi halların qarşısını almaq lazım idi. Biz bunları etdik.
1995-1996-cı illərdən, ümumiyyətlə, Azərbaycanda inkişaf başladı. İndi inkişaf da çox yük-səkdir. Baxmayaraq ki. problemlərimiz var, amma biz çox yüksək göstəricilər əldə edirik. MDB dövlətləri ilə müqayisə etsək, onların bizim kimi problemləri yoxdur, bu ölkələrdən heç birinin ərazisinin bir qismi, təxminən 20 faizi işğal olunmayıbdır. Bu respublikaların heç birində 1 milyon qaçqın, çadırlarda yaşayan insanları yoxdur. Bəzilərində var, amma bunu heç müqayisə etmək mümkün deyildir. Bunlara baxmayaraq, Azərbaycanın iqtisadiyyatı hər il inkişaf edir. Bu ilin 7 ayı qurtarıbdır, 8-ci ayındayıq, büdcə yerinə yetirilir. Ümumi daxili məhsul 8-10 faiz, kənd təsərrüfatı istehsalı təxminən 8-10 faiz, sənaye istehsalı təxminən 5 faiz artıbdır. Mən təxmini deyirəm, bir az о yan, bu yan ola bilər, çünki bu, ilin axırında yekunlaşacaqdır. Özəlləşdirmə həyata keçirilir və biz onun nəticələrini görürük. Bunların hamısı Azərbaycanda böyük dəyişikliklər meydana gətiribdir. Naxçıvan da Azərbaycanın ayrılmaz hissəsi olaraq bu inkişaf yolu ilə gedir. Ancaq Naxçıvanın çətinliyi bir də ondan ibarətdir ki, Azərbaycanın başqa yerləri, xüsusən də paytaxtı ilə nəqliyyat-kommunikasiya əlaqələri, demək olar, çox ağır vəziyyətdədir. Mən indi dedim, biz müəyyən yollar tapmışıq. Ancaq insanların Naxçıvandan başqa yerlərə, xüsusən Bakıya, digər şəhərlərə getməsi, əsasən, hava yolu vasitəsilə təmin olunur. Bilirsiniz ki, hava yolları ilə də gündə 5-6 təyyarə uçur. Elədirmi?
Cahangir ƏSGƏROV: ("Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru): Cənab prezident, hər gün 4-6 təyyarə uçur.
Heydər ƏLİYEV: Gündə 4-6 təyyarə uçur, insanlar bundan istifadə edirlər. Ancaq mən bunu deyəsən, keçən dəfə demişdim, bir də demək istəyirəm. Biz "Azərbaycan Hava Yolları" Konserninə ildə 45 milyard manat subsidiya veririk. Bütün başqa reyslərdə uçuş qiyməti konsernin sərf etdiyi xərclərlə, başqa iqtisadi göstəricilərlə tənzimlənir. Amma burada da belə olsa, sizin təyyarə biletlərinin qiyməti iki dəfə artıq olacaq, elədirmi?
Cahangir ƏSGƏROV: 2-3 dəfə artıq olacaqdır.
Heydər ƏLİYEV: 2-3 dəfə artıq olacaqdır. Mən də buna imkan vermirəm. Çünki hesab edirəm ki, Naxçıvanda yaşayan insanların təyyarədən istifadəyə ehtiyacı bütün başqa yerlərdə yaşayan insanlara nisbətən çoxdur. Bizdə dəmir yolu nəqliyyatı indi çox yaxşı işləyir, özü də təkcə Azərbaycan ərazisində yox. Dəmir yolu vasitəsilə Rusiyaya, Ukraynaya, Belarusiyaya gedirlər. Rusiya dedikdə, təkcə Moskva deyil, Rusiyanın başqa şəhərlərinə də gedirlər. insanlar bundan çox istifadə edirlər.
Yaxud, avtomobil yolları açıqdır... Bakıdan avtomobilə minib Avropaya qədər gedə bilərsən. Amma Naxçıvanda bu imkanlar yoxdur. Ona görə də mən imkan verməmişəm ki, başqa uçuş reyslərindəki qiymətlər Naxçıvana da tətbiq olunsun. Biz Naxçıvana yardım və konsernin iqtisadi vəziyyətini təmin etmək məqsədi ilə büdcədən ildə 45 milyard manat subsidiya veririk.
Bütün bu çətinliklərə baxmayaraq, Naxçıvanda inkişaf Azərbaycanın başqa bölgələrindən heç də aşağı səviyyədə deyil, bəlkə də yuxarıdır. Bu da çox sevindiricidir. Yenə də deyirəm, şəhər çox abadlaşıb, gözəlləşibdir.
Dünən axşam saat 10 idi, çıxdım sizin parklara baxmağa, adam əlindən tərpənə bilmədim. Doğrudur, ola bilər, insanların çoxu məni görən kimi toplaşmışdı. Amma eyni zamanda mən bilirəm ki, sizin parklarda insanlar axşam çağı, başqa istirahət vaxtları rahat dincəlirlər. Ancaq 1991-1992-ci illərdə, 1993-cü ildə mən də burada yaşayanda bunları düşünmək qətiyyən mümkün deyildi. İnsanlar küçəyə qətiyуәn çıxa bilmirdilər. İndi bunları görmək sevindirici haldır.
Naxçıvan inkişaf etməlidir. Muxtar Respublikanın 400 min nəfərə qədər əhalisi var. Əhalinin artımı da yaxşıdır və artmalıdır. Güman edirəm ki, əsl naxçıvanlılar Naxçıvanı qoyub heç yerə getməməlidirlər. Mən indi də deyirəm, əgər о vaxt Azərbaycanda elə ağır vəziyyət olmasaydı və orada mənə böyük ehtiyac olmasaydı, mən Naxçıvandan getməyəcəkdim.
1991-ci ildə mən Naxçıvana о məqsədlə gəlmişdim ki, ömrümün sonuna qədər burada yaşayım. Bu, həqiqətdir. Keçmişdə burada, atamın bir evi vardı, - haradakı mən doğulmuşam, məndən sonrakı qar-daşlarım doğulub, biz yaşamışıq, böyümüşük, - həmin evin yerində mən özümə ev də tikməyə başladım. Əgər mən buradan getməli olsaydım, niyə ev tikirdim? Elə oldu ki, evi tikib təzəcə köçmüşdüm ki, buradan ayrıldım.
Yəni demək istəyirəm ki, Naxçıvanı sevənlər Naxçıvanı buraxıb heç yerə getməməlidirlər. Buranın iqlimi çox gözəldir.
Biz dünən gəlmişik, Bakıda da çox isti var, burada da. Hava çox istidir. Amma fərq nədədir? Burada hava qurudur, nəmlik yoxdur. Amma Bakıda bu son 10-15 gün ağır hava var. Ümumiyyətlə, təkcə indi deyil, Bakıda rütubət həmişə var. Naxçıvanda yaşayan, böyüyən adamlar çox sağlam olurlar. Eyni zamanda keyfiyyətlərinə görə çox yüksək səviyyədə olurlar. Bəziləri də deyirlər ki, naxçıvanlılar niyə belədirlər? Bu gözəl dağların ətəklərində yaşayan, bu sərt qayalarla bir yerdə yaşayan insan daha da möhkəmlənir, güclənir. Bu, təbii haldır. Kim istəyir belə olsun, naxçıvanlılar kimi olsun, qoy gəlib Naxçıvanda yaşasın. Bir sözlə, - mən bunları təəssüratlarım altında deyirəm, sevinirəm ki, Naxçıvan çiçəklənir və bundan sonra da çiçəklənəcəkdir.
Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan hava limanını yenidən quraq, yəni yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır. Bunları nəzərə alaraq mən belə bir qərara gəldim.
"Azərbaycan Hava Yolları" Konserninin baş direktoru Cahangir Əsgərova göstəriş verdim ki, o, bu barədə lazımi mütəxəssislərlə hazırlıq görsün. Onlar hazırlıq görüblər, Bakıda mənə məruzə etdilər, Əsgərov mənə məruzə etdi. Bu gün biz bu işə başlayacağıq, siz də burada iştirak edəcəksiniz, sizsiz olmayacaqdır. Ona görə mən istədim ki, bu gün burada Cahangir Əsgərov məlumat versin. Mən bir də bu məlumatı dinləyim və siz də dinləyəsiniz. Baxaq görək, bəlkə məsləhətləriniz var, utanmayın, çəkinməyin, kimin fikri, məsləhəti olsa, desin. Ondan sonra mən bu hava limanının tikilməsi haqqında qərar qəbul edəcəyəm. İndi Əsgərova söz verirəm.