Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun sakinləri ilə görüşdə çıxış etmişdir.

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ŞAHBUZ RAYONUNDA

SAKİNLƏRLƏ GÖRÜŞDƏ ÇIXIŞI

Naxçıvan

11 avqust 2002-ci il

- Əziz şahbuzlular!

Mən sizi səmimi qəlbdən salamlayıram. Sizin hamınıza can-sağlığı, xoşbəxtlik arzu edirəm və bütün işlərinizdə uğurlar arzulayıram.

Şahbuz rayonu Naxçıvanın gözəl bir guşəsidir. Şahbuz rayonu və onun sakinləri Naxçıvanın həyatında həmişə çox böyük rol oynayıblar. Mən bunu həm keçmişdən, yəni 1970-1980-ci illərdə Azərbaycana rəhbərlik etdiyim zaman, həm də sizinlə bərabər 1990-1993-cü illərdə Naxçıvanda yaşadığım və Muxtar Respublikaya başçılıq etdiyim zaman bilirəm. Ona görə bunlar adi sözlər deyil, mənim şəxsi müşahidələrimdir, şəxsi fikirlərimdir.

Mən bilirəm ki, 1990-1993-cü illərdə mən burada olarkən və təbiidir, ondan sonra da şahbuzlular həmişə Naxçıvan hakimiyyətinin dayağı, arxası olublar. Mən burada işləyəndə həmişə çətin şəraitdə işləyirdik, blokadada idik. İndi də blokadadayıq, amma biz indi Naxçıvanın yaşaması üçün böyük imkanlar yaratmışıq. Amma о vaxt blokada şəraitində yaşayış çox çətin idi, çox ağır idi. Daxili vəziyyət də sabit deyildi. Mən ictimai-siyasi vəziyyəti deyirəm. Həm Azərbaycanda, həm də Naxçıvanda müxtəlif qüvvələr, - indi xatirimə gələndə məni ancaq gülmək tutur, - hakimiyyət uğrunda mübarizə aparırdılar, hakimiyyəti ələ almaq istəyirdilər.

Bizə - sizə, mənə, Naxçıvanın yaşamasına imkan verməmək üçün cəhd edirdilər. Ancaq bunlardan bir şey çıxmadı. Xatirinizdədir, 1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi üzvlərinin bir dəstəsi qəflətən gəlib Naxçıvanın Daxili işlər Nazirliyini zəbt etdi. Təxminən 300 nəfər Naxçıvanın televiziyasını zəbt etdi və mənə ultimatum verdilər ki, onlar hakimiyyəti ələ alacaqlar. Mən isə, təbiidir ki, onların bu ultimatumuna heç fikir vermədim. Ona görə ki, bilirdim, Naxçıvanın əhalisi, həmişə dayaq olduğu kimi, yenə də mənə dayaq olacaqdır. О vaxt televiziya bizim əlimizdən çıxmışdı, başqa vasitə yox idi. Xatirimdədir, bizim hakimiyyəti istəyən adamlar avtomobillərlə gedib Naxçıvanın müxtəlif bölgələrinə xəbərlər yaydılar ki, Naxçıvanın hakimiyyəti, Heydər Əliyev təhlükə altındadır. Təxminən bir-iki saatdan sonra Naxçıvan Ali Məclisinin qarşısında 20-25 min adam toplaşdı. О cümlədən Şahbuzdan.

İndi mən Naxçıvandan buraya avtomobillə gəldim, özü də yüksək sürətlə. Amma təsəvvür edirəm, о vaxt nəqliyyat yox idi, çətinliklər vardı, ancaq mən çox sevindim, eyni zamanda, təəccüb etdim. Bir də gördüm, mənim iş otağıma şahbuzlular - ağsaqqallar, çox hörmətli insanlar daxil oldular ki, Heydər Əliyev, narahat olmayın, biz buradayıq. İmkan vermərik ki, sizə bir şey olsun. О vaxt mən bunu gördüm, о ağır dövrdə gördüm. Yəni sizi, şahbuzluları gördüm.

Mən о vaxt da demişdim, bu fürsətdən istifadə edib indi də təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, indi, Azərbaycanın müstəqilliyi dövründə - Heydər Əliyev artıq 9 ildir Azərbaycanın prezidentidir, hələ bundan sonra da xeyli vaxt prezidenti olacaqdır, - heç bir şeydən qorxumuz yoxdur. indi siz də, mən də, Azərbaycanın hakimiyyəti də çalışırıq ki, dövlətçiliyimizi möhkəmləndirək, müstəqilliyimizi möhkəmləndirək. İslahatlar həyata keçiririk, ölkəmizi inkişaf etdiririk, bu sahədə uğurlar əldə etmişik və bundan sonra da əldə edəcəyik.

Mənim xatirimdədir, biz Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaradırdıq. Onun Şahbuz şöbəsi yaranmışdı. Burada çox təşəbbüskarlar var idi. Məndən xahiş etdilər ki, təsis konfransına gəlim. Mən buraya gəldim. Həmin bu binada, onun salonunda Şahbuzda Yeni Azərbaycan Partiyasını yaradanlar toplaşmışdılar. Görürəm, Taməddin həkim başını tərpədir. Çünki o, bu işlərdə əsas təşəbbüskarlardan, irəlidə gedənlərdən biri idi. Bəli, qəhrəman adamdır. Mən onu tanıyıram. Yenə Arış kəndində yaşayırsan?! Arış kəndində yaşayır, özünün təsərrüfatı var. О vaxt hələ şəxsi təsərrüfat yox idi. Özü həkimdir, təsərrüfatı var. О vaxt ondan soruşdum ki, nəyin var? Dedi ki, neçə pətək arım var, nə bilim, neçə heyvanım var. Dedim, a kişi, sən bunları necə saxlayırsan? Gərək ki, üç oğlun var, görürsən, hamısı yadımdadır. Dedi ki, mənim üç oğlum var, onlarla birlikdə, - oğlanlarım oxuyub qurtarıblar, - təsərrüfatı saxlayırıq. O, çox çalışdı ki, təsərrüfatına gedim, mən də istədim, amma qismət olmadı. Yəqin ki, qismət olacaqdır.

Biz hələ о vaxtlar ilk dəfə Naxçıvanda torpaq islahatı aparmaq istəyirdik. Hələ Azərbaycanda hakimiyyət bununla məşğul olmurdu. Amma biz torpaq islahatı aparmaq istəyirdik. Mən də istəyirdim bir neçə kiçik dağ kəndlərində bu islahatları aparım. Nədən ötrü? Çünki kolxozlar, sovxozlar dağılırdı. Kolxoz sədrləri, nə bilim, briqadirlər, anbar müdirləri - indi sizin aranızda onlardan var - heyvanları kəsib yeyirdilər. Sonra da, 24-cü cədvəl var, orada hər ay yazırdılar ki, filan qədər öldü. Görürdün ki, aybaay kolxozların mal-qarası dağılır.

Mən fikirləşdim, yaxşı olar ki, bunları özümüz dağıdaq, kəndlilərə verək. Kəndlilər özləri saxlasınlar. Torpağı da onlara verək. Mən istədim bunu kiçik dağ kəndlərindən edim. Biçənək, Kolanı kəndlərinə getdim. Çünki bilirsiniz, orada təsərrüfatlar xırda idi. Gəldim, camaatı toplayıb dedim ki, istəyirəm, bu kolxozu dağıdam, torpaqları da, mal-qaranı da sizə verəm. Bir neçəsi çıxış etdi ki, yox, biz istəmirik. Ay balam, niyə istəmirsən, bunu sənə vermək istəyirəm. Deyir ki, mən burada qarovulçuyam, maaş alıram, bununla dolanıram. Kolxoz dağılanda mən necə dolanacağam? Deyirəm, ay kişi, sənə mal-qara verəcəyik, torpaq verəcəyik, get torpağında işlə. Yəni о vaxtkı sistem insanları bax belə, hökumətin himayəsində yaşamağa öyrətmişdi. Onlar işləmirdilər. Bəli, bir qarovul məvacibi onu təmin edirdi. Ancaq indi Naxçıvanın hər yerində torpaq islahatı gedib, torpaq kəndlilərdədir, mal-qara kəndlilərdədir. Kənd təsərrüfatının nə qədər inkişaf etdiyini siz yaxşı bilirsiniz.

Mənim yadımdadır, biz burada yaşayırdıq, ət tapmaq mümkün deyildi. Hələ mən burada işləməyəndə, 1990-cı ildə, təzə gəlmişdim, bacımın evində yaşayırdım. Sentyabr-oktyabr aylan idi. Bir də görürdün, deyirdilər ki, yemək bişirmək üçün ət tapa bilmirik. Sonra bir nəfər qonşu gəlib xəbər verirdi ki, Cəhridə heyvan kəsiblər. Qonşular tez yığışırdı ki, gedib Cəhridən ət alsınlar. Bəziləri gedib çatırdı, bəziləri də gedəndə ət qurtarırdı. Amma indi Naxçıvanda əti alan yoxdur. Elədir, yoxsa yox?

YERDƏN SƏSLƏR: Bəli, elədir.

Heydər ƏLİYEV: Mal-qaranız çox, heyvanınız çox, ətiniz də, yağınız da, südünüz də var, taxıl da əkirsiniz. Elədirmi?

YERDƏN SƏSLƏR: Elədir.

Heydər ƏLİYEV: İslahatların nəticəsi bax, budur, müstəqillik budur, sərbəst iqtisadiyyat budur. Biz bu yol ilə gedirik və gedəcəyik. Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının həm rəhbərliyi, həm də bütün əhalisi bu islahatların aparılmasında çox cəsarətlə hərəkət edirlər və yaxşı nəticələr əldə ediblər. О cümlədən Şahbuz rayonu.

Mən buradan Kolanı, Biçənək kəndlərinə gedirəm. Kolanıda həmin qarovulçunu axtarıb tapacağam. Görüm, o, indi necə yaşayır. О vaxt deyirdi ki, mən kolxozda qarovulçuyam, maaş alıram. Əgər ondan sonra vaxt çatsa, istəyirəm, Batabata gedim, baxım. Necə məsləhət görürsünüz?

YERDƏN SƏSLƏR: Cənab prezident, getsəniz yaxşı olar.

Heydər ƏLİYEV: Deyirlər ki, indi Batabat da abadlaşıbdır.

YERDƏN SƏSLƏR: Vasif müəllim oranı da düzəldibdir.

Heydər ƏLİYEV: Yaxşı, sağ olun. Çox şadam ki, sizinlə görüşdüm. Arxayın olun, Azərbaycan dövləti etibarlı əllərdədir, müstəqilliyimiz inkişaf edir, işğal olunmuş torpaqlarımızı azad edəcəyik və Azərbaycanın bütövlüyünü bərpa edəcəyik. Arxayın ola bilərsiniz. Sağ olun.

* * *

Şahbuzlular prezident Heydər Əliyevin çıxışını böyük maraq və diqqətlə dinlədilər, dəfələrlə gurultulu alqışlarla qarşıladılar. Balaca uşaq Heydər babaya həsr olunmuş şer söylədi.

Sən xalqın ümidi,

Xoş günü, gələcəyisən.

Onun möhkəm dayağı,

Ömrümüzün fərəhi,

Ən gözəl diləyisən.

Yaşa Heydər babamız!

* * *

Azərbaycan prezidenti Heydər Əliyev Şahbuz rayonunun Kolanı kəndinə gəldi. Dövlətimizin başçısını burada da böyük mehribanlıqla, hörmət və ehtiramla qarşıladılar.

Kənd ağsaqqalı, əməkdar müəllim Hidayət İSMAYILOV respublikamızın rəhbərinə müraciətlə dedi:

- Cənab prezident, xoş gəlmisiniz! Azərbaycan xalqının böyük oğlu, əzizi, Kolanı camaatının ikiqat əzizi, xoş gəlmisiniz! Siz 35 ildir Azərbaycana rəhbərlik edirsiniz. Bu yaxınlarda Azərbaycan xalqı, sadə zəhmətkeşlərin hamısı bunu xüsusi bayram kimi qeyd etdi. Bizim buna haqqımız var, çünki Siz Azərbaycan xalqını çox çətin bəlalardan qurtarmısınız. Allah Sizə uzun ömür versin. Arzu edirəm ki, neçə belə illər yaşayasınız və bizi bu qara günlərdən qurtarasınız. Qara gün deyəndə, müharibəni nəzərdə tuturam. Gəlişinizin məqsədini televiziyadan bilirik. Bu günlərdə Koçaryan ilə görüşünüz olacaqdır. Bu görüşdə də Sizə uğurlar arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirik. Doğrudan da bu, sadə vətəndaşların qəlbindən gələn sözdür.

Son illər Sizin rəhbərliyiniz altında Muxtar Respublikanın başçıları bizim kənddə elə işlər görüblər ki, bunlar ağlasığmazdır. Keçən illərdə Sizin tapşırığınız ilə çayın üzərindən iki körpü salınıbdır. Biz Sizi, Sizin işlərinizi ürəkdən bəyənirik. Konstitusiyada olacaq dəyişiklikləri biz maddə-maddə müzakirə etmişik və bəyənmişik. Mən bu fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını referenduma çağırıram. Elə bilirəm ki, Azərbaycanın bir necə başqa kəndi kimi, Kolanı kəndi də Sizin qəlbinizdə yaşayır. Çox sağ olun.

Prezident Heydər ƏLİYEV səmimi sözlərə görə onlara minnətdarlığını bildirdi, kənd camaatına müraciətlə dedi:

- Mən Şahbuzun rayon mərkəzində çıxışımda yadıma saldım ki, Naxçıvanda Ali Məclisin sədri olarkən Kolanı, bir də Biçənək kəndlərinə gəlmişdim. Çünki biz о vaxt istəyirdik ki, kənd təsərrüfatı islahatlarını öz təşəbbüsümüzlə keçirək, onda hələ qanun yox idi. Amma mən niyə Kolanı ilə Biçənək kəndlərini seçdim. Çünki bunlar kiçik dağ kəndləridir. О vaxt kolxozlar dağılırdı.

Mənim yadımdadır, burada neçə adamla danışdım. Kolxoz sədri idi, başqaları idi, mənə dedilər ki, kolxozu dağıtmaq olmaz. Xatirimdədir, birindən soruşdum, axı niyə olmaz? Dedi, mən kolxozda qarovulçu işləyirəm, oradan maaş alıram, kolxoz dağılanda maaşsız necə yaşayacağam? Mən ona dedim ki, kolxozu biz dağıtmırıq. Biz kəndliyə mal-qaranı, torpağı, hər şeyi verəcəyik. Kəndli özü əkəcək, biçəcək, mal-qara da saxlayacaq. İndi islahatlar aparılıb, о cümlədən Naxçıvan Muxtar Respublikasında çox uğurlu keçibdir. Sən mənə de görüm. Burada nə təhər keçibdir?

Hidayət İSMAYILOV: Cənab prezident, burada da uğurla keçibdir. Yəqin ki, Siz buranın vəziyyətini hamıdan yaxşı bilirsiniz. Dağ kəndidir.

Heydər ƏLİYEV: Torpaq azdır.

Hidayət İSMAYILOV: Bəli, torpaq azdır. Bizimki maldarlıq, heyvandarlıqdır.

Heydər ƏLİYEV: Mal-qara artıb, yoxsa yox?

Hidayət İSMAYILOV: Artıbdır. Güzəranımız yaxşılaşıb və günü-gündən yaxşılaşır. Mən özüm riyaziyyatçıyam. Bir söz demək istəyirəm. Məsələn, təbiət elmləri sahəsində ixtiralar edən alimlər adi adamlardan, haradasa, 50-100 il qabağı görə bilirlər. Yəni onun bugünkü ixtirasını biz sadə adamlar yüz ildən sonra başa düşə bilirik. Mən Sizi riyaziyyatçıya bənzədirəm. Yəni bir neçə il bundan əvvəl "Əsrin müqaviləsi" adlanan о böyük müqavilə imzalananda biz heç nə qavramırdıq. Amma indi onun reallığı, ondan gələn gəlir göz qabağındadır, çadır şəhərciklərində ağır şəraitdə yaşayan bacı-qardaşlarımıza qəsəbələr salınır. Bütün bunlar Sizin böyüklüyünüzdür, iqtisadiyyatda əldə etdiyiniz irəliləyişdir.

Heydər ƏLİYEV: Çox gözəl ki, bunları burada bilirsiniz və qiymətləndirirsiniz.

Hidayət İSMAYILOV: Cənab prezident, bunları bilməmək olarmı?

Heydər ƏLİYEV: Yaxşı, indi riyaziyyatçı ilə danışdıq. Deyin görüm, sizin mənə nə sözünüz var.

Vaqif ZÜLFÜQAROV (müəllim): Cənab prezident, çox səmimiyyətlə deyirəm ki, uşaqdan böyüyə kimi hamı Sizi sevir. Sizin şəxsiyyətinizə hörmət edən, Sizin şəxsiyyətinizlə fəxr edən bu kəndə xoş gəlmisiniz!

Mənim dediklərim həm şəxsidir, həm də təşəkkürdür və elə bilirəm, hamı bununla razılaşacaqdır. Təxminən bir il bundan əvvəl, 2001-ci il sentyabrın 3-də Siz Azərbaycanın ali məktəblərinə yüksək balla qəbul olunmuş 25 nəfər tələbəyə təqaüd təyin etmisiniz. Naxçıvan Muxtar Respublikasından da bu kəndin yetirməsi həmin tələbələrin içərisindədir. Düzünü deyim ki, о vaxt elə sevinmişik, bunu bir Allah bilir. Bütün valideynlər, müəllimlər, tələbə yoldaşları nə qədər dualar edib, ona bir Allah şahiddir. Adətən, uca dağ kəndində yaşayan adamlar həm məsafəcə, həm də mənəviyyatca Ulu Tanrıya daha yaxın olurlar. Ona görə də inşallah, Ulu Tanrı bizim dualarımızı daha tez qəbul edəcək.

Hörmətli prezident, bir az həyəcanlıyam. Çünki artıq mənim arzum həyata keçib və öz təşəkkürümü şəxsən Sizə deməyi böyük xoşbəxtlik bilirəm. Bu barədə Vasif müəllimə də demişəm. Sizə deyim ki, bu gün Sizin qarşınızda durub danışmaq şərəfini az-çox oğlum təmin edibdir. Mən valideyn, müəllim kimi Sizə söz verirəm ki, yaxın gələcəkdə bu gənc millətlər, xalqlar, dövlətlər içində öz sözünü deyəcəkdir. Çünki bir müəllim kimi ona başa salmışam.

Siz keçən il Strasburqa gedəndə Paris hava limanında azərbaycanlı tələbələrlə görüşdünüz. Orada bir ifadə işlətdiniz, ola bilər, bir az dəqiqliyi ilə demirəm. Dediniz ki, Azərbaycan xalqının öz sənətini gözəl bilən, xarici dillərdə danışan, dünya siyasətindən baş çıxardan, bütün ixtisaslardan olan mütəxəssislərə böyük ehtiyacı daha çoxdur.

Heydər ƏLİYEV: Doğrudur.

Vaqif ZÜLFÜQAROV: Mən elə bilirəm ki, dərs dediyimiz şagirdlər, tərbiyə etdiyimiz övladlar Sizin bu sözünüzdən kompas kimi istifadə edəcəklər. Sizə məlumat üçün deyim ki, ona təyin etdiyiniz təqaüdü bir ildir alır və axıra qədər də alacaqdır. Çünki onun başqa yolu yoxdur. Siz ona о cür etibar etmisiniz, xeyir-dua vermisiniz. Hörmətli prezident, inanın ki biz onun maddi tərəfini götürmürük, onun gələcək həyatına Sizin verdiyiniz xeyir-dua kimi başa düşürük. Onu heç bir şeylə əvəz etmək olmaz. İnşallah, Sizin etimadınızı doğruldacaqdır. Diqqətinizə görə çox sağ olun.

Heydər ƏLİYEV: Çox sağ ol. Mən sənin bu sözlərindən çox məmnunam. Ona görə yox ki, mənə təşəkkür edirsən. Məsələn, Kolanı kəndi nəinki Naxçıvanın, Azərbaycanın ucqar kəndlərindən biri, kiçik kənddir. Bilirəm ki, burada insanların yaşayışı üçün başqa kəndlərə nisbətən torpaq çatmır. Bax belə kənddə belə bir gənc böyüyübdür, gəlib imtahanını veribdir, fərqlənibdir və mənim xüsusi təqaüdümü almağa nail olubdur. Bu, ən böyük hadisədir. Yəni bunun mənası nədir? Bunun mənası xalqımızın nə qədər zəkalı, nə qədər ağıllı olmasıdır. Fərqi yoxdur, harada - Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda, yaxud da Kolanıda yaşayır. Məni sevindirən budur. Çox sevinirəm, bəlkə də о vaxtlar heç mənim yadımda qalmayıb ki, o, Kolanı kəndindəndir, sənin oğlundur. Amma indi sən bunları mənə danışanda hamısını xatırlayıram və bunun nə qədər qiymətli olduğunu bir daha dərk edirəm, düşünürəm.

Ümumiyyətlə, kəndlərdə insanlar çox yüksək mənəviyyatla böyüyürlər. Bu, belədir. Təəssüflər olsun ki, indi şəhərlərdə şərait başqa cürdür. Amma kəndlərdə böyüyən gəclər - həm oğlanlar, həm də qızlar, adətən, ali məktəblərə gedəndə çox yüksək bilik göstərirlər və mənəviyyatca da çox yüksək olurlar. Bu, hər halda reallıqdır. Mən də bunu deyirəm. İstərdim ki, Azərbaycanın hər yerində belə olsun. Ancaq indi hər yerdə belə deyil, fərqlidir. Bu fərqlənənlərdən biri də kənd yerləridir.

Yaxşı, kolanılıların nə dərdi var?

Familə MƏMMƏDOVA (şəhid anası): Cənab prezident, Kolanıda xəstəxana var, mən orada işləyirəm, insanların qayğısına qalır, onların sağlamlığını qoruyuram. 1993-cü il dekabrın 10-da mənim oğlum Beyləqanda şəhid olubdur. Özü könüllü getmişdi. Vasif müəllimin köməyi sayəsində işlədiyim xəstəxanaya onun adı verilibdir. Vəziyyətimiz yaxşıdır. Əsas odur ki, müharibəni dayandırmısınız, atəşkəs əldə etmisiniz. Mənim böyük oğlum şəhid olubdur. Ondan başqa iki oğlum da var. Sizin yolunuzda, Vətən yolunda qurban verməyə hazıram. Bu şərtlə ki, qara bulud üstümüzdən götürülsün, analar səksəkəli yatmasınlar. Qarabağ problemi həll olunsun. Bütün qadınlar adından Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi Azərbaycan xalqının üstündən əskik eləməsin.

Heydər ƏLİYEV: Çox sağ ol, bacı. Çox sağ ol. Allah sənin oğluna rəhmət eləsin. Oğlanlarını da yetişdir. Amma mən çalışacağam ki, müharibə olmasın, sülh olsun. Bizim gənclərimiz yaşasınlar, böyüsünlər. Onlar Azərbaycanın gələcəyi üçün lazımdır. Mən onları qırğına vermək istəmirəm, müharibə etmək istəmirəm. Məsələni sülh yolu ilə mütləq həll edəcəyik. Narahat olmayın.

Sən xəstəxananın müdirisən?

Familə MƏMMƏDOVA: Müdiri yox, qadın-uşaq şöbəsində işləyirəm.

Heydər ƏLİYEV: Doğum şöbəsi də oradadır?

Familə MƏMMƏDOVA: Bəli, oradadır. Bu xəstəxana altı kəndi əhatə edir.

Heydər ƏLİYEV: Bizim nəslimiz, millət artmalıdır.

Familə MƏMMƏDOVA: Şükür Allaha, doğulan uşaqların 90 faizi oğlandır.

Heydər ƏLİYEV: Oğlan da yaxşıdır. Qız da yaxşıdır. Fərqi yoxdur. Amma millət artmalıdır.

Yaxşı, sağ olun. Bizim müəllim burada dedi ki, Siz referenduma çıxarılan bütün düzəlişlərin hamısını öyrənmisiniz və ayın 24-də seçki məntəqələrinə gedəcəksiniz və referendumun keçirilməsi üçün öz münasibətinizi bildirəcəksiniz. Prezidentin təqdim etdiyi layihəyə səs verəcəksiniz. Elədirmi?

KƏND SAKİNLƏRİ: Bəli, doğrudur.

Heydər ƏLİYEV: Sağ olun.

Təqaüdçü Dağbəyi ZAMANOV prezident Heydər Əliyevə yaxınlaşaraq dedi:

- Cənab prezident, mən bütün ağsaqqallar adından deyirəm ki, xalqımızın böyük milli lideri, xilaskarı möhtərəm Heydər Əliyevin gördüyü nəhəng işləri həmişə qiymətləndiririk. Siz Naxçıvana, Kolanı kəndinə daim qayğı göstərirsiniz. Sizin bütün tapşırıqlarınızı Naxçıvanın rəhbərliyi tam yerinə yetirir. Biz onlardan razıyıq.

Biz, $izin unutmadığınız Kolanı camaatı avqustun 24-də keçiriləcək ümumxalq səsverməsinə çıxarılacaq maddələri oxumuşuq, bilirik və yekdilliklə dəstəkləyəcəyik. Biz Sizin televiziyadakı çıxışlarınızı izləyirik. Bunlar bizim üçün böyük məktəbdir. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Heydər ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

AzərTAc