MİLLİ ELMLƏR AKADEMİYASININ NAXÇIVAN BÖLMƏSİNİN
YARADILMASINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏDƏ GİRİŞ NİTQİ
Naxçıvan şəhəri
12 avqust 2002-ci il
- Hörmətli dostlar!
Hörmətli xanımlar və cənablar!
Siz bilirsiniz ki, avqust ayının 7-də mən Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması haqqında sərəncam imzalamışam. Bu sərəncamda da bu bölmənin qarşısında duran vəzifələr haqqında qısa fikirlərimi bildirmişəm.
Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Оnа görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur.
Azərbaycan elə bir ölkədir ki, onun çox qədim tarixi var. Bizim tarixçilər XX əsrdə çox işlər görüblər. Ancaq mən cəsarətlə deyə bilərəm ki, hələ ki Azərbaycanın, xalqın, ümumiyyətlə, bu torpağın, ölkənin tarixi lazımi səviyyədə öyrənilməyib, tədqiq olunmayıbdır. Bu sahədə çox böyük işlər görülməlidir. Bununla onu demək istəyirəm ki, Azərbaycan nadir bir ölkədir, nadir bir ərazidir, bəşər tarixində Azərbaycan bir ərazi kimi, bir ölkə kimi və Azərbaycan xalqı bir xalq kimi böyük tarixi proseslərin iştirakçısı olubdur. Biz indi, müstəqil Azərbaycanda özümüz ölkəmizin, torpağımızın sahibi olduğumuz halda gərək bu qədim, çox zəngin tariximizi araşdırıb meydana çıxaraq və bu gün də, gələcəkdə də xalqımızın o dərin köklərini ümumi, bəlkə də bəzən çox gözəl ifadələrlə bəzənmiş sözlərlə yox, elmi sübutlarla, elmi əsaslarla, həm öz xalqımıza çatdıraq, həm də dünyaya göstərək ki, Azərbaycan xalqının kökü haradandır, tarixi nədir və Azərbaycan bir ölkə kimi bəşər tarixində hansı yeri tutur. Mən açıq deyə bilərəm ki, görkəmli yer tutur. Ancaq biz bunu indiyə qədər göstərə bilməmişik.
Azərbaycan haqqında fikirlərimi sizə çatdıraraq, demək istəyirəm ki, bu baxımdan Naxçıvan xüsusi yer tutur. Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür. Bunları nəzərə alaraq, mən bu sərəncamı vermişəm.
Bir məsələ də nəzərə alınmalıdır ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Təəssüflər olsun ki, vaxtilə, Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir.
Mən burada tarix haqqında çox danışıram. Tarix, mədəniyyət, tarixi abidələr, memarlıq abidələri... Məsələn, Naxçıvanın ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var.
Azərbaycanın bir çox bölgələrində bunlara rast gəlmək olmur. Amma burada var. Onlar yüz illərlə durub, yaşayıbdır. Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı da göstərilməyibdir, hətta müxtəlif proseslər zamanı, bəzən müharibələrlə, yaxud da ki, başqa hadisələrlə əlaqədar onların uçurdulması, dağıdılması halları olubdur. Amma buna baxmayaraq, bu tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm də mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Mən indi desəm ki, Mömünə xatın türbəsi haqqında geniş təsvirli, müasir poliqrafiya səviyyəsində hazırlanmış albom, onun haqqında tarixi mənbələr və başqa şeylər toplusu varmı? Hesab edirəm ki, yoxdur, mən görməmişəm. Əgər olsaydı, mən görərdim. Ayrı-аyrı bukletlər var, broşürlər var. Ancaq elə bircə bu abidə böyük bir kitaba bərabərdir. Yəqin ki, kitab da bunun yanında heç bir şeydir. Amma o, kitabda əks etdirilməyibdir. Onun həm memarlıq xüsusiyyətləri, həm mühəndis işləri, inşaat işləri, tikinti materialları, abidənin yaranması tarixi və sair. Onun hər bir fraqmenti müasir poliqrafiya üsulundan istifadə edilərək albomda əks olunsa, onun özü elə Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu göstərəcəkdir. Amma Naxçıvanda olan təkcə Mömünə xatın abidəsi deyil, nə qədər bu cür abidələr var. Nə qədər təbii abidələr var.
Mən keçən il, bu il çox ciddi göstərişlərlə nail olmağa çalışıram ki, Gəmiqaya obyektində lazımi ekspedisiya işləri aparılsın. Keçən il mən bunu gec bildim. Sərəncam verdim. Bizim arxeoloqlar gəldilər-getdilər, orada bir az iş gördülər. Artıq mövsüm qurtardı, iş görmək mümkün deyildi.
Bu il əvvəldən xəbərdarlıq etmişəm. Bilmirəm, indi orada işlər gedir, ya getmir, aparılır ya aparılmır. Amma bu, elə bir abidədir ki, gedib iki-üç gün onun yanında oturmaqla, yaxud çadır qurub yatmaqla onu heç kim öyrənə bilməz. Hər il ekspedisiya mövsümündə orada aylarla tədqiqat aparmaq lazımdır. Aylarla... Çünki orada payızın ilk vaxtlarından soyuqlar düşür, şaxta, qar olur. Oraya getmək mümkün deyildir. Bunun üçün ancaq yay fəslindən istifadə etmək lazımdır.
Bu, bildiyiniz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda, insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir. Amma onu öyrənməkdə biz passivik. Çox passivik. Keçmişdə, sovet dövründə passiv olmusunuz, bunları bağışlayıram. Müstəqilliyimiz haqqında hamı böyük iftixar hissi ilə danışır. Lakin deməkdən savayı, kim nə edir? Müstəqillik haqqında şüar demək, yaxud onun haqqında yaxşı bir şer oxumaq – bu, hələ müstəqilliyi möhkəmləndirmək demək deyildir. Müstəqilliyi möhkəmləndirmək üçün xalqımızın, millətimizin qədim tarixini, keçdiyi yolu elmi surətdə tədqiq edib əsərlər, illüstrativ materiallar, kino-telelentlər yaratmaq, bunu həm öz xalqımıza, həm də bütün dünya xalqlarına göstərmək lazımdır. Ancaq Naxçıvan bölməsinin fəaliyyəti təkcə bunlarla məhdudlaşmayacaqdır.
Azərbaycanın təbii sərvətləri, - həm yeraltı, həm də yerüstü sərvətləri çox zəngindir. Mən indi bu barədə xırdalıqlara varmaq istəmirəm. Bunların hamısı məni məcbur etdi ki, nəhayət, qərar qəbul etdim, sərəncam verdim. Mən 300 nəfər ştat ayırmağa hazıram. Bu barədə də artıq sərəncam vermişəm. Bu işi təşkil etmək lazımdır. Amma belə böyük bir işi təşkil etmək üçün onun səviyyəsinə qalxmaq lazımdır. Mən çox narahatam ki, ola bilər, ştat da verək, bölmə də yaradaq, başqa işləri də görək, amma bütün işlər köhnə qayda ilə getsin. Köhnə qayda ilə gedəndə də, - necə ki, on illərlə həmin qayda ilə gedib, lazımi nəticə əldə etməmişik, - sabah da nəticə olmayacaqdır. Mən bununla razılaşa bilmərəm.
Desək ki, Naxçıvanda bu barədə lazımi tədbirlər görülməyib, bu, düzgün olmaz. Çünki vaxtilə, Azərbaycanda ilk dəfə, 1945-ci ildə Elmlər Akademiyası təşkil ediləndə onun bir neçə bölgədə şöbələri, yaxud təşkilatları yaradılmışdı. Bildiyimə görə, ilk dəfə akademiyanın Naxçıvan şöbəsinə bizim hörmətli, qocaman müəllimimiz Lətif Hüseynzadə başçılıq etmişdir. Elədirmi, Lətif müəllim? Bəli, о başçılıq etmişdir. Görün, həmin dövrdən nə qədər vaxt keçib, 55 il, ondan da çox vaxt keçibdir. Ondan sonra müxtəlif yerlərdə elmi mərkəzlər, orada-burada xüsusi konstruktor büroları yaradılıbdır. Hərə guya bir iş görmək istəyibdir. Amma bu işlər çox pərakəndə vəziyyətdə gedibdir. Belə bir şəraitdə, ola bilər ki, bunu indiki kimi, bir tərəfdən anlamayıblar, ikinci tərəfdən də, imkan da olmayıbdır.
Xatirimdədir, mən Moskvada işləyəndə "Şərq qapısı" qəzetində Gəmiqaya haqqında məqalə çıxmışdı. Onu böyük bir problemə çevirdilər. Ermənilər qalxdılar ki, burada, - Azərbaycanda millətçilik var. Xatirimdədir, bir dəfə biz - Siyasi Büronun üzvləri Moskvada Böyük Teatrda mövsümün açılışına getmişdik. Qorbaçov idi, Siyasi Büronun başqa üzvləri idi, mən idim, tənəffüs zamanı oturmuşduq, çay içirdik. Qorbaçov məndən soruşdu ki, Azərbaycanda millətçilik çoxdur, yoxsa azdır? Mən dedim ki, ümumiyyətlə, millətçilik müttəfiq respublikalarda var, Azərbaycan ən beynəlmiləl bir respublikadır və orada millətçilik başqa respublikalara nisbətən çox azdır.
Onda bizim yanımızda oturan Siyasi Büronun üzvlərindən biri qayıtdı ki, "yox, Heydər Əliyeviç, yəqin ki, Siz düz demirsiniz. Bax, görürsünüzmü, Naxçıvanda "Şərq qapısı" qəzetində məqalə dərc ediblər, millətçilik haqqında, filan haqqında...". Mən dedim ki, nə məqalədir? Düzü, mənim bundan heç xəbərim yox idi ki, nə məqalədir, nədir. Bunu şişirdərək elə bir vəziyyətə gətirib çıxarmışdılar ki, SSRİ-nin rəhbərliyi, Siyasi Büro səviyyəsində söhbət gedirdi. Mən dedim ki, bilmirəm. Sonra maraqlandım, həqiqətən, belə şey olmuşdur. Moskvadan buna çox ciddi reaksiya vermişdilər. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi, - mən burada olanda eşitmişdim, bəlkə bu fikirlərim dəqiq olmasın, - Naxçıvan Vilayət Partiya Komitəsinə göstəriş vermişdi ki, bu məsələ araşdırılsın. Həmin məsələ burada müzakirə olunmuşdu, - Naxçıvanda keçmiş vaxtlardan işləyən işçilər var, yəqin ki, onlar bilirlər, - kimlərisə cəzalandırmışdılar. Vasif, elədirmi, yoxsa yox?
Vasif TALIBOV: "Şərq qapısı" qəzetinin redaktorunu işdən çıxarmışdılar. Əvvəllər о qəzet "Sovet Naxçıvanı" adlanırdı. Redaktorun müavininə töhmət vermişdilər. Ondan sonra bu məsələ Mərkəzi Komitənin plenumunda da müzakirə olunmuşdu.
Heydər ƏLİYEV: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda? Vasif TALIBOV: Bəli.
Heydər ƏLİYEV: Görürsünüzmü? Nə üçün? Çünki ermənilər deyirmişlər ki, bu abidə Azərbaycanın deyil, ermənilərindir. Amma həqiqətən də bu, Azərbaycanındır. Həmin abidənin Azərbaycana məxsus olması barədə bir söz deyəndə, görürsünüzmü, söhbət hansı səviyyəyə gedib çatmışdı və buna necə reaksiya verilmişdi. Mən onda dəhşətə gəldim, inanmırdım ki, belə şey var. Sonra, 1990-cı ildə mən buraya - Naxçıvana gəldim, burada yaşayarkən bununla maraqlandım. Bunları, Vasif Talıbovun dediklərini mənə çatdırdılar. Bu fakt nəyi göstərir? О tərəfin bu barədə çox təşəbbüskarlığını, gözüaçıqlığını, onlara mənsub olmayan şeyləri özlərinə çıxmaq, əllərinə keçirmək cəhdini, amma bizim tərəfin passivliyini və biri kiçik bir iş görəndə onun başından vurmasını. İndi mən fikirləşirəm, məgər о vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bunu araşdırıb Moskvaya, Mərkəzi Komitəyə bildirə bilməzdimi ki, burada bir şey yoxdur? Amma yox, canlarını qurtarmaq üçün deyiblər ki, müzakirə edin, yəni özümüz boynumuza alaq ki, bəli, burada biz millətçiliyə yol vermişik və beləliklə də özümüzü göstərək ki, biz millətçi deyilik.
Mən bunu ona görə xatırlayıram ki, о vaxt bir tərəfdən şərait münasib olmayıbdır, bir tərəfdən də, yenə də deyirəm, bizim insanlarda çox passivlik olubdur. Amma mən istəyirəm ki, daha bu passivlik olmasın, indi heç kəs, heç nədən qorxmasın. Belə şeylərdən ötrü heç kəsi cəzalandırmaq mümkün deyildir. Heç kəs müstəqil Azərbaycanın işinə qarışa bilməz. Mən də Azərbaycan prezidenti kimi sizə və bütün əhalimizə, bütün alimlərimizə, ziyalılarımıza bildirmək istəyirəm ki, Azərbaycanın, onun xalqının tarixini, mədəniyyətini, keçmişini dürüst, əsaslı şəkildə sübut edən hər bir əsər bəyəniləcəkdir. Bu barədə heç kəsə nə millətçi damğası vurulacaq, nə də kimsə günahlandırılacaqdır. Bununla bir daha bildirmək istəyirəm ki, indi, müstəqil dövlət şəraitində bizim alimlərimizin böyük imkanları var. Amma alimlərimiz gərək keçmiş sovet sistemində çalışdıqları iş üslubundan uzaqlaşsınlar.
Gərək о passivlikdən əl çəksinlər, bəziləri gərək "yuxudan ayılsınlar". Çünki əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs bunu kim edəcəkdir? Bax, bütün bu səbəblərdən mən Naxçıvan Muxtar Respublikasında Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm. Qərarı qəbul edəndən sonra özüm buraya gəlmişəm. İstəyirəm ki, bu qərarın həyata keçirilməsinin təşkilatı işində, onun başlanğıcında özüm iştirak edim və fikirlərimi bildirim. Çünki bəzən mən çox vacib sərəncamlar verirəm, ancaq təəssüflər olsun ki, icraçılar о sərəncamın ruhunun səviyyəsinə qalxa bilmirlər. Onun hərfi mənasını da düzgün anlaya bilmirlər. Görürsən ki, gözəl sərəncam, gözəl təşəbbüs bir müddətdən sonra batmağa məruz qalır. Bunun üçün də mən özüm, görürsünüz, buradayam, sizinlə birlikdəyəm və bu işin başlanğıcını sizinlə birlikdə müzakirə etmək istəyirəm.
İndi isə mən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova söz verirəm. Mən ona tapşırmışdım, dünən, о birisi gün yerli alimlərlə işlər görməli idi. Tapşırmışdım ki, bu işləri görsünlər və nəticəsi haqqında məruzə etsinlər.