Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə yekun nitqi söyləmişdir.

YEKUN NİTQİ

- Hesab edirəm ki, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun məlumatı, məruzəsi avqustun 7-də mənim verdiyim sərəncamın həyata keçirilməsi üçün görülən işlərin əsası kimi qəbul oluna bilər. Buna görə də mən Milli Elmlər Akademiyasına, onun prezidentinə, mənim aparatımın humanitar şöbəsinə və onun müdiri Abdullazadəyə tapşırıram ki, indi ilkin hazırlanmış layihə əsasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin həm strukturu, həm də yaranacaq institutların özünün struktur və vəzifələrinin hamısı müəyyən edilsin. Bunların hamısı Milli Elmlər Akademiyasının özü tərəfindən təşkil olunacaqdır.

Ancaq mən istərdim ki, onlar bunu müzakirə edib qəbul etməzdən öncə mən də buna baxım, tanış olum və öz fikirlərimi bildirim. Bunu tezliklə etmək lazımdır, gecikdirmək olmaz və işə başlamaq lazımdır.

Burada bildirildi ki, Naxçıvan Muxtar Respublikasında müxtəlif elmi mərkəzlər, - həm Milli Akademiya ilə, həm başqa təşkilatlarla bağlı, - fəaliyyət göstərir. Mahmud Kərimov dedi ki, orada təxminən 200-ə yaxın adam çalışır, belədirmi? Sən məruzəndə belə bir şey dedin.

Mahmud KƏRİMOV: 200-ə yaxın adam çalışır.

Heydər ƏLİYEV: 200-ə yaxın adam... Bu rəqəmi mən indi burada eşidərkən belə düşündüm, siz hesab etməyin ki, 200-ə yaxın işçi var və 100 də mən əlavə edəcəyəm, cəmisi 300 olacaqdır. Yeni institutlar ki, yaranacaq, onların yaranmasında buradakı аyrı-ауrı elmi mərkəzlərdir, təşkilatlardır, onlardan istifadə olunmalıdır. Onların say tərkibi ixtisar olunmayacaqdır. Onlar da yeni yaranan institutlara qatılacaqdır. Ona görə də siz indi hesablayın, sonra mənə deyərsiniz. Belə halda, ümumiyyətlə, əgər doğrudan da 200 nəfərin hamısı yararlı olsa, yəni insanlar yox, о ştatlar, təşkilatlar yararlı olsalar, onlar da indi yeni yaranan institutların tərkibinə daxil olsalar, onda burada Milli Elmlər Akademiyasının bölməsinin təxminən 500-ə qədər ştatı olacaqdır. Deməli, 500-ə qədər adam burada elmi tədqiqat işi ilə və bizim bu indi qoyduğumuz müxtəlif vəzifələrin həyata keçirilməsi ilə məşğul olacaqdır. Ona görə də mən istədim ki, siz məsələni düz başa düşəsiniz və bu istiqamətdə düz hərəkət edəsiniz. Bunların hamısı toplanıb mənə bildirilməlidir. Güman edirəm ki, bu elmi mərkəzlər, müxtəlif təşkilatlar da yaradılacaq müvafiq institutların tərkibinə daxil olacaqdır. Onlar ya indiyə qədərki strukturları ilə daxil olacaqdır, yaxud da ki, müəyyən dəyişikliklər ediləcəkdir. Buna da baxmaq lazımdır. Bunların hamısı asan məsələ deyildir. Çünki burada illərlə müəyyən bir mərkəz fəaliyyət göstərir. Onun özünün indiyə qədər istiqaməti var. İndi gərək o, institutda öz yerini tapsın. Yerini də mövcud strukturla tapmır, institutun strukturu yaranır.

О mərkəzin üzərinə düşən vəzifələr institutun tərkibində olan müəyyən bölmələrə bölünür və beləliklə, onun içində əriyir. Yəni artıq burada paralel başqa elmi mərkəzlər olmamalıdır. Bunlarla-hamısı birləşməlidir və Milli Elmlər Akademiyasının bölməsi kimi fəaliyyət göstərməlidir. Bu, çox da asan məsələ deyildir. Ona görə mən bir daha təkrar edirəm: Akademiyanın prezidenti Mahmud Kərimova və aparatımın şöbə müdiri Fatma Abdullazadəyə tapşırıram ki, bununla çox ciddi məşğul olasınız və mənə tezliklə təkliflərinizi təqdim edəsiniz.

Akademiyanın prezidenti belə fikir söylədi ki, burada işləyən adamların maaşı Bakıda olan institutlardakıların maaşından artıq olsun. Sən dedin, iki dəfə artıq, buna baxaram. Mən də düşünürəm ki, burada maaşlar artıq olmalıdır, indi iki dəfə, ya nə qədər, ona baxaram. Hər halda burada artıq olmalıdır. Bizim alimlərin hamısı Bakıda oturmağa öyrəniblər. Ona görə oradan qopub buraya gəlmək üçün təbii ki, maddi stimul da olmalıdır. Biz bunu da təmin edəcəyik.

Ancaq bu institutların kadrlarının komplektləşdirilməsində birinci növbədə yerli kadrlardan istifadə etməlisiniz. Eyni zamanda, attestasiya da keçirməlisiniz. Baxın görün, yerli kadrlardan bəziləri ola bilər, uzun illər hansısa bir xırda təşkilatda oturub maaşını alır, faydalı bir iş görməyibdir, yaxud о işi görməyə, sadəcə, onun elmi potensialı çatmır. Onda təbiidir ki, o, dəyişdirilməlidir. Yəni siz bilin, bu institutlarda strukturlar, ştatlar müəyyən ediləndən sonra kadrlarla təmin olunanda gərək buraya çox ciddi münasibət göstərəsiniz. Dedim, yerli kadrlardan, təcrübəli kadrlardan istifadə edəsiniz. Eyni zamanda, gənc kadrlardan, müasir səviyyədə hazırlığı olan kadrlardan, xarici dil bilən kadrlardan istifadə etmək lazımdır.

Burada yaşlı kadrlarla gənc kadrların vəhdətinin təmin olunması çox vacibdir. Çünki buradakı təcrübəli yaşlı kadrlar çox şey bilirlər, çox şeyi də ediblər. Belələri Bakıda da var, gəlib burada işləyə bilərlər. Ancaq eyni zamanda, biz düşünməliyik ki, elmi tədqiqat institutları gənc, müasir tələblərə cavab verən, xarici dillər bilən kadrlarla da təmin olunmalıdır. Siz bunu da nəzərə almalısınız.

Buradakı çıxışlarda - həm akademiyanın prezidentinin, həm də başqa natiqlərin çıxışlarında, hesab edirəm ki, bizim görəcəyimiz işi, yəni akademiyanın burada bölməsinin yaranması haqqında sərəncamdan irəli gələn vəzifələri düzgün şərh edirlər. Eyni zamanda, indiyə qədər görülmüş işlər haqqında da məlumatlar verdilər. Mən qeyd etmək istəyirəm ki, indiyə qədər burada görülmüş işlər inkar olunmur. Biz onları qiymətləndiririk, indiyə qədər də qiymətləndirmişik. Buna görə də burada bəzi alimlər mükafatlanıblar, yüksək elmi dərəcələr alıblar. Mən bu gün bir də qeyd edirəm ki, biz bunu qiymətləndiririk. Doğrudan da bəzi sahələrdə çox işlər görülübdür.

Məsələn, mən Vəli Əliyevi tanıyıram. Ömrünün çoxunu elə burada keçiribdir. Orada arxeoloji

axtarışlar aparır, burada torpaqları qazır. Yadımdadır, 1990-cı ildə Naxçıvana təzə gəlmişdim. Hələ heç bir işlə məşğul deyildim. Gəldi mənimlə görüşdü. Dedim, haraya gedirsən? Dedi ki, Kültəpədə qazıntı işləri aparırıq. Kültəpədə işlərinizi qurtardınızmı, yoxsa hələ davam edir?! Şərurda da qazıntı işləri aparırdınız. Bu işlər gedibdir, çox iş görüblər, nəticələr də əldə ediblər. Eyni zamanda, indi Vəli Əliyev deyir ki, Gəmiqaya haqqında keçən il və bu il biz ekspedisiya təşkil etdik, iş apardıq. Amma nə üçün tək keçən il və bu il?

Mən bu gün çıxışımda dedim, keçən il hələ ilin yarısı idi, mən bu məsələni qoydum. Onda sizi təcili səfərbər edib oraya göndərdik. Yadındadırmı, bu, sizin təşəbbüsünüzlə olmayıbdır. Bunu bilməlisiniz. Ondan sonra, mən dedim ki, keçən il görə bilmədiyiniz işləri gələn il, yəni bu il əvvəlcədən hazırlaşın. Bu barədə Naxçıvanın başçısı Vasif Talıbov da həm keçən il, həm də bu il çox işlər görmüşdür - oraya həmin о yolun çəkilməsi, müəyyən şəraitlərin yaradılması. Mən ona tapşırdım ki, arxeoloji ekspedisiyanın orada təminat məsələsi var. Onların hamısını Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov üzərinə götürdü. Bunların nəticəsində indi sən burada çox böyük sevinc hissi ilə deyirsən ki, artıq biz Gəmiqaya haqqında kitab verəcəyik. Çox gözəl, amma 3-4 il bundan qabaq heç oradan xəbərin yox idi. Xəbərin var idi, amma gedib oraya əlini vurmamışdın. Başa düşürsən!

Nəhayət, getdin, indi bu gün deyirsən ki, orada təkcə Gəmiqaya yazıları deyil, orada arxeoloji qazıntılar da aparmaq lazımdır. 2-3 il gedəndən sonra orada daha da çox şey görəcəksən. Amma mən demək istəyirəm ki, orada sizin işiniz bununla qurtarmır. Bilin, planınıza salın, hər il, - özü də dövrü maksimum götürün, - orada iş aparmalısınız. Ümidvaram ki, orada yeni-yeni çox şeylər, Azərbaycanın qədim tarixini təsdiq edən sübutlar tapacaqsınız.

Çıxışlarda çox məsələlər haqqında danışdılar, dedilər ki, bir çox mövzular öyrənilməyibdir. Hamısı düzdür. Amma mən bu sərəncamı hazırlayarkən, bunun haqqında düşünərkən, nəhayət sərəncamı imzalayarkən, burada sizinlə görüşəndə giriş sözümdə də dedim, - düşünürdüm ki, bütün bu işlər görülməlidir. Ancaq hamısı bərabər səviyyədə görülə bilməz.

Yəni bərabər etmək olmaz.

Biz indi vəsait ayırmalıyıq. Burada doğru dedilər, biz vəsait ayırmalıyıq ki, binalar hazırlansın, müəyyən cihazlar, kompüterlər alınsın. Bunların hamısını biz edəcəyik. İnstitutlar yaranacaqdır. Amma bunların hamısını bərabərləşdirmək olmaz. Siz, akademiyanın prezidenti, akademiya bunu bilməlidir, bunu bərabərləşdirmək olmaz. Burada var əsas istiqamətlər, hansı ki, birinci növbədə edilməlidir, bir də ikinci, üçüncü dərəcəli istiqamətlər var.

Ümumiyyətlə, bizim böyük məqsədimiz Naxçıvanın tarixini bütün, hərtərəfli öyrənmək, tədqiq etmək, onları həm elmi kitablarda dərc etmək, həm populyar kitablarda dərc etmək, həm də təbliğat materiallarında istifadə etməkdir. Amma burada bir nömrəli məsələlər vardır. Həbibbəyli deyir ki, Məmməd Səid Ordubadinin əsərləri 35 ildir çap olunmur. Çap olunmalıdır. O, bizim müasirimizdir.

Məmməd Səid Ordubadinin özünü mən də görmüşəm, "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" kitablarını da oxumuşam. Onun üç dənə məşhur əsəri vardır, indi də yadımdadır. Bir də "Qılınc və qələm" əsəri. Elədir, yoldaş Həbibbəyli? Sən ədəbiyyatçısan, mən isə ədəbiyyatçı deyiləm. Amma gördün, hamısını necə dəqiq dedim. Bunlar hamısı var, bizim xatirimizdədir. imkan olanda bunları etmək lazımdır. Amma bu, müasir həyatdır. Müasir həyat onsuz da məlumdur.

Burada kimsə dedi, vaxtilə Naxçıvanda komsomol hərəkatının tarixi, nə bilim, kolxoz hərəkatının tarixi, Naxçıvanda kommunist partiyasının tarixi, həmkarlar ittifaqının tarixi, başqa tarix - işlərin çoxu buna gedibdir.

Amma indi Azərbaycanın qədim diyarı kimi Naxçıvanın tarixini öyrənmək, Azərbaycan xalqının tarixini əks etdirmək üçün ondan materialların çıxarılmasını təmin etmək lazımdır. Təkcə yerin altında deyil, arxivlərdən, dünya kitabxanalarından çıxarmaq lazımdır. Fondlar var, əlyazmalar fondu.

Dünyanın bir çox məşhur kitabxanalarında gedib işləmək lazımdır. Mərhum Ziya Bünyadov Atabəylər haqqında kitabı nə cür yazdı? Mənə elə gəlir ki, deyəsən, İstanbulda işləmişdi, materialları oradan tapırdı. Bir dəfə gedib işləyib materialları toplamışdı və böyük bir kitab yazdı. İndi görün, əgər biz belə tədqiqatları bir dəfə yox, dəfələrlə aparsaq və paralel olaraq dünyanın məşhur kitabxana mərkəzlərində aparsaq, təkcə yerin altından deyil, onlardan da çox material toplayacağıq.

Məsələn, mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-birilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox, orada ermənilər olubdur. Amma həqiqətən İrəvan xanlığıdır. Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında Ermənistanda tapmadığınız materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, nələr var.

Mən bunu misal üçün deyirəm, sizə yeni mövzular vermək fikrində deyiləm. Yəni bununla sizi mənim istədiyim istiqamətə yönəltmək istəyirəm. İstəyirəm ki, siz gücünüzü səpələməyəsiniz, burada belə olsun, orada elə olsun, nə bilim, iki ştat buna verək, üç ştat ona verək. Yox. Əsas məsələlər, mövzular ətrafında cəmlənməlidir. Bəlkə də mövzu əvvəldən müəyyən olunmalıdır. Həmin mövzunun həyata keçirilməsi üçün bir kollektiv yaradılmalıdır. Onun üçün ayrıca vəsait verilməlidir. Bunlar da ola bilər.

Bir sözlə, istəyirəm ki, hamınız mənim bu təşəbbüsümü, sərəncamımı, bir də deyirəm, onun ruhunu dərindən dərk edəsiniz və onun ruhu əsasında işlərinizi qurasınız. Onda biz nəticələr əldə edəcəyik.

Maaşlar haqqında, kapital qoyuluşu haqqında, təchizat haqqında, yəni lazım olan materiallarla təchiz haqqında narahatlığınız olmasın. Çünki bir halda biz bu işi təşkil edirik, demək, о sahələrə ki, əlavə vəsait ayırmaq lazımdır, əlavə işlər görmək lazımdır, bunları görəcəyik.

Bir sözlə, mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın Milli Elmlər Akademiyası bu sərəncamla çox böyük və vacib işə başlayacaqdır. Bu, təkcə Naxçıvana aid olan iş deyildir. Bunun mənim üçün dərin mənası var, о mənada ki, bizim Azərbaycan xalqının tarixinə, ölkəmizin tarixinə aid olan bir məsələdir. Mən bu məsələni bundan ötrü qaldırmışam. Ümidvaram ki, siz bu vəzifələri yerinə yetirəcəksiniz. Sizin hamınıza işlərinizdə uğurlar, can-sağlığı və səadət arzulayıram. Sağ olun.

(Azərbaycan prezidenti Heydər Əliyevin yekun nitqi böyük diqqətlə dinlənildi və gurultulu, sürəkli alqışlarla qarşılandı).

* * *

Avqustun 13-də Naxçıvan MR Ali Məclisində Azərbaycan prezidenti Heydər Əliyevin sədrliyi ilə Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirə keçirildi. Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

Sonra Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əhməd Əhmədzadə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış etdilər.

Prezident Heydər Əliyev müşavirəyə yekun vurdu.

(Müşavirə haqqında ətraflı hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

Azərbaycan prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

AzərTAc