Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində nitq söyləmişdir.

2005, 19 dekarb

Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev dekabrın 19-da Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseylə tanış olmuşdur.

Ali baş komandanı müdafiə naziri general-polkovnik Səfər Əbiyev və liseyin rəisi general-mayor Rasim Əliyev qarşıladılar.

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin liseyin həyətində ucaldılmış büstünün önünə gül qoydu.

Sonra Ali baş komandan kursantları salamladı. Azərbaycanın Dövlət himni səsləndirildi.

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev liseyin kursantları qarşısında nitq söylədi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin

nitqi

- Əziz kursantlar!

Mən sizi salamlayıram, sizə cansağlığı, uğurlar arzulayıram.

Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu lisey xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Ulu öndər Heydər Əliyev bütün dövrlərdə - 1970-ci illərdə Azərbaycanda rəhbərlik etdiyi dövrdə və ondan sonra, 1990-cı illərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi vətəninə ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun həyat və fəaliyyəti xalqa xidmət etməkdən ibarət olmuşdur. 1970-ci illərdə Azərbaycanda çox güclü, iqtisadi və sənaye potensialı yaradılmışdır. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda fabriklər, zavodlar, kənd təsərrüfatının inkişafına təkan verən infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl yerlərdə idi. Ancaq 1980-ci illərin sonundan başlayaraq və 1990-cı illərin əvvəllərinə qədər Azərbaycana rəhbərlik etmiş səriştəsiz, bacarıqsız, xəyanətkar rəhbərlər Azərbaycanı çox bərbad vəziyyətə salmışdılar. Azərbaycan keçmiş sovet respublikaları arasında birinci yerdən axırıncı yerə düşmüşdü. Bu, bir daha onu göstərir ki, tarixdə bu şəxsiyyətin rolu çox önəmlidir. Xüsusilə keçid dövründə yaşayan ölkələrdə. Liderin, birinci şəxsin, Prezidentin fəaliyyəti və rolu o ölkənin inkişafını müəyyən edir. Ya ölkə inkişaf edir, möhkəmlənir, güclənir, ya da ki, tənəzzülə uğrayır.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycana hakimiyyətə qayıdandan sonra ölkədə bütün istiqamətlərdə güclü inkişafa təkan verildi. Azərbaycanda iqtisadi islahatlar aparılmağa başladı, ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirdi. Azərbaycan çox böyük həcmdə xarici investisiyalar cəlb etmişdi və ölkənin hərtərəfli inkişafı başlanmışdı. 1990-cı illərin ortalarında, demək olar ki, xaos və böhranın bütün qalıqları aradan götürülmüşdü və iqtisadi inkişaf başlanmışdı. Əgər bu dinamikaya nəzər salsaq görərik ki, 1995-96-cı illərdən başlayaraq bu günə qədər Azərbaycanın iqtisadiyyatı çox yüksək sürətlə inkişaf edir.

Biz bunu bütün istiqamətlərdə hiss edirik, o cümlədən təhsil sahəsində. Bildiyiniz kimi, 1970-ci illərdə ulu öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yarandı. Bu, keçmiş sovet respublikalarında analoqu olmayan bir məktəb idi. İndi Azərbaycan ordusunda xidmət edən zabitlərin, generalların bir çoxu məhz o məktəbin məzunlarıdır. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Amma Heydər Əliyev sanki bu müstəqilliyi görürdü, gələcəyi görürdü ki, bir gün Azərbaycan müstəqil olacaq və müstəqil Azərbaycana ordu lazım olacaq və o orduda xidmət edən peşəkar kadrlar lazım olacaqdır. Cəmşid Naxçıvanski adına məktəbin Azərbaycanın müstəqil ordusunun formalaşmasında çox böyük xidməti olmuşdur və bu, indi də davam edir.

1998-ci ildə isə Naxçıvanda, yenə də Heydər Əliyevin təşəbbüsü ilə, Cəmşid Naxçıvanski adına hərbi məktəbin filialı açıldı.

Keçən il isə mənim Sərəncamımla artıq bu filial Heydər Əliyev adına hərbi liseyə çevrildi. Bu gün burada çox gözəl şərait yaradılıbdır. Yaxşı oxumaq, hərbi işi mənimsəmək üçün gözəl imkanlar var, ən müasir səviyyədə korpuslar tikilib istifadəyə verilib, avadanlıqla təchiz olunubdur. Bir sözlə, əminəm ki, burada kursantlar yaxşı oxumaq, yaxşı bilik almaq üçün, hərbi işi öyrənmək üçün yaxşı imkanlara malikdirlər.

Bütövlükdə təhsil sahəsinə çox böyük diqqət göstərilir və göstərilməlidir. Hər bir ölkənin, hər bir millətin inkişafında bilik, savad ən böyük rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsini təhlil edərkən bunu görürük. Hansı ölkələr daha sürətlə inkişaf edir, hansı ölkələrdə elmi-texniki tərəqqi özünü daha qabarıq büruzə verir? O ölkələrdə ki, təhsilə böyük investisiyalar qoyulub, büdcə xərcləri nəzərdə tutulub və insanlar biliklidi, savadlıdırlar.

Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilibdir. Bu bizim siyasətimizi göstərir, bizim prioritetlərimizi göstərir. Düzdür, biz bu sahədə bütün ehtiyaclarımızı ödəyə bilmirik. Bu da təbiidir. Çünki təhsil sisteminə çox böyük həcmdə investisiyalar qoyulmalıdır. Azərbaycanda 4500-dən çox ümumtəhsil məktəbi var. Onların böyük əksəriyyəti artıq çox yararsız vəziyyətdədir. Təmirə ehtiyac var, yeni məktəblərin tikilməsinə ehtiyac var və bu proqram həyata keçirilir. Təkcə bu il Azərbaycanda 130 yeni məktəb tikilib və təmir olunubdur. Gələn il də bu, nəzərdə tutulur. Azərbaycanda bütövlükdə təhsil infrastrukturu yeniləşməlidir.

Böyük əhəmiyyət kəsb edən kompüterləşmə proqramı həyata keçirilir. Hər bir məktəbdə kompüter sinfi yaradılacaq və internetə çıxış təmin olunacaqdır. Çünki bizim gənclərimiz, şagirdlərimiz, kursantlarımız dünyada baş verən bütün hadisələri bilməlidirlər, yeni müasir informasiya texnologiyalarına yiyələnməlidirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə etməlidirlər. Bunu etmək üçün əlbəttə ki, kompüterləşmə proqramı öz rolunu oynayacaqdır.

Eyni zamanda, Azərbaycanda ordu quruculuğuna da böyük diqqət göstərilir. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda, demək olar ki, nizami ordu yox idi. Ayrı-ayrı silahlı birləşmələr, müxtəlif siyasi qurumlara tabe olan dəstələr mövcud idi. Ordu quruculuğu prosesi məhz 1993-cü ildən sonra başlandı. Bu gün Azərbaycanda çox güclü, nizami ordu var. Ordunun hazırlığı çox yüksək səviyyədədir və maddi-texniki bazası da möhkəmlənibdir. Bu siyasət açıq şəkildə aparılır, bəyan edilir. Bu siyasətin real nəticələri Azərbaycanda hərbi xərclərin artmasıdır. Əgər 2004-cü ildə hərbi xərclər 175 milyon dollar səviyyəsində idisə, 2006-cı ildə 600 milyon dollar səviyyəsində olacaqdır. Orduya ayrılan xərclər iki ildə dörd dəfə artırılır.

Bu, bizim siyasətimizi əks etdirən rəqəmlərdir. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, biz ordumuzu gücləndirməliyik. Ordumuzu gücləndirmək üçün, əlbəttə, iqtisadi imkanlar olmalıdır. Ona görə bizim iqtisadi proqramlarımız, regionların sosial-iqtisadi inkişaf proqramlarımız icra edilir. Azərbaycanda güclü iqtisadiyyatın yaranması bizim müstəqil ölkə kimi yaşamağımız deməkdir. Müstəqil ölkə kimi yaşamaq üçün gərək müstəqil siyasət aparasan. Bu gün Azərbaycan, sözün əsil mənasında, müstəqil siyasət aparır və bizim siyasətimiz yalnız və yalnız Azərbaycan xalqının milli maraqları üzərində qurulubdur. İqtisadi imkanlar artdıqca orduya ayrılan xərclər daha da artacaqdır. 600 milyon dollar çox xərc deyil, biz müdafiə xərclərimizi bundan sonra da artıracağıq. Elə etməliyik ki, bu sahədə heç bir vəsait problemi, yaxud da ki, çatışmazlıq olmasın. Yenə də deyirəm, Azərbaycan müharibə şəraitində yaşayır. Bizim torpaqlarımız işğal altındadır və əminəm ki, hərbi potensialın güclənməsi danışıqlar prosesində də öz rolunu oynayacaqdır.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Bizim danışıqlarda iştirakımız bunu bir daha göstərir. Biz istəyirik ki, beynəlxalq hüquq normaları tətbiq olunsun, işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxsın və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarına qayıda bilsin. Ancaq eyni zamanda, biz güclü ordu yaratmalıyıq, güclü hərbi potensial yaratmalıyıq ki, istənilən anda öz doğma torpaqlarımızı azad edə bilək.

Danışıqlar 10 ildən artıqdır ki, davam edir, nəticə də yoxdur. Düzdür, ümidlər var, hələ ki, tükənməyib və məhz buna görə də Azərbaycan bu günə qədər danışıqlarda iştirak edir. Biz danışıqlar prosesini axıra qədər sınamalıyıq. Yəni danışıqlar resursundan sona qədər istifadə etməliyik. Ancaq əgər görsək ki, bunun heç bir əhəmiyyəti yoxdur, biz başqa variantları da nəzərdən keçirməliyik.

Azərbaycan öz mövqelərini möhkəmləndirir. Bizim ölkəmiz bölgədə lider dövlətə çevrilibdir. İqtisadi potensialımız artır, siyasi çəkimiz artır, beynəlxalq aləmdə nüfuzumuz artır. Ordumuz da güclənir, daha da güclü olmalıdır, daha da hazırlıqlı olmalıdır və istənilən anda torpaqların azad olunmasında iştirak etməlidir. Bizim siyasətimiz bundan ibarətdir və mən çox sevinirəm ki, Azərbaycanda həm ordumuzun maddi-texniki bazası möhkəmlənir və həm də peşəkar ordu kadrları yetişir.

Bax, bu liseydə dərs alan, təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar, lazım gələrsə, Azərbaycanın ərazi bütövlüyünü hərb yolu ilə bərpa olunmasında iştirak edəcəklər. Bu proseslər paralel şəkildə getməlidir: peşəkar ordu və güclü maddi-texniki baza. Bu gün Azərbaycanda biz bunu görürük. Bizim iqtisadi potensialımız artdıqca bunu daha da böyük həcmdə, böyük səviyyədə edəcəyik.

Əziz kursantlar, bir daha sizi ürəkdən salamlayıram, arzu edirəm ki, yaxşı oxuyasınız, yaxşı, gözəl biliyə malik olasınız və doğma ölkəmizin inkişafında fəal iştirak edəsiniz.

 Sağ olun.

AzərTAc

Xalq qəzeti”, 19 dekabr 2005-ci il