Azərbaycan Prezidenti İlham Əliyevin
yekun nitqi
2005, 19 dekabr
-Yenə də deyirəm ki, enerji sektorundakı işlərimiz ölkəmizin iqtisadi inkişafında, sosial məsələlərin həllində böyük əhəmiyyət kəsb edir. Çox önəmli məsələ enerji təhlükəsizliyidir. Azərbaycan bölgədə yeganə ölkələrdən biridir ki, biz öz gücümüzə arxalanaraq, enerji tələbatımızı ödəyə bilərik və ödəyirik. İndi kifayət qədər neft hasil edilir. Əlbəttə, qaz bizim tələbatımızı ödəmir. Amma lap fərz etsək ki, sabah Azərbaycana başqa yerdən qazın nəqli dayandı, biz vəziyyətdən çıxarıq. Sadəcə olaraq, əlavə nefti emal zavodlarımıza verərək daha çox mazut əldə edəcəyik və bununla vəziyyətdən çıxacağıq.
Bizim öz potensialımız da güclənir. Gələn il “Şahdəniz” qaz yatağından ilk qaz hasil ediləcəkdir. İndi bütün bu hadisələrə mən televiziya kanalları ilə baxaraq, bir daha o illəri xatırlayıram. 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı ilə bağlı müqavilə hazırlanarkən xalqımızın ümummilli lideri Heydər Əliyev müşavirə çağırdı. Neft Şirkətinin bütün rəhbər işçiləri iştirak edirdi. Məsələ nədə idi? Azərbaycanın uğurlu inkişafına mənfi yanaşan, yəni bunu istəməyən, indi son parlament seçkilərində özünü növbəti dəfə biabır edən Rəsul Quliyev etiraz məktubu yazmışdı ki, Azərbaycan xarici şirkətlərlə “Şahdəniz” qaz yatağı üzrə müqavilə imzalamamalıdır, bu, bizə lazım deyildir. Yazırdı ki, mən sübut edə bilərəm ki, bu, Azərbaycan üçün sərfəli müqavilə deyildir. Onda ölkə Prezidenti müşavirə çağırdı. Neft Şirkətinin bütün rəhbər işçiləri - prezidenti, vitse-prezidentləri orada idi və geniş müzakirə, fikir mübadiləsi aparıldı. Əlbəttə ki, Neft Şirkətinin bütün nümayəndələri, rəhbər işçiləri elmi əsaslarla, adi məntiqlə və çox belə sadə bir izahatla sübut etdilər ki, “Şahdəniz” üzrə müqavilə məhz 1996-cı ildə imzalanmalıdır. Sonra gec ola bilər. Çünki bu, nəhəng bir rezervuardır, nəhəng bir yataqdır. Onun işlənilməsi, ondan əvvəl kəşfiyyat işlərinin aparılması bir neçə il aparır. O vaxt nəzərdə tutulmuşdu ki, minimum 3-4 il kəşfiyyat işləri aparılacaq, ondan sonra quyular qazılacaq, platformalar tikiləcək və yalnız bundan sonra qaz çıxarılacaqdır, Əgər biz indi vaxt itirsək, onda bu qaz heç vaxt çıxmayacaq. Azərbaycanın isə buna ehtiyacı var.
Yadımdadır ki, o ciddi çıxışlardan sonra Rəsul Quliyev bizə əməli bir izahat da verə bilmədi və müşavirəni tərk etdi. Əlbəttə, o vaxt demək çətin idi ki, bunun belə hərəkətlərinin səbəbi nə idi. Amma indi tarixi təhlil edərkən, onun sonrakı hərəkətlərinə fikir verərkən görürük ki, onun məqsədi sadəcə olaraq ondan ibarət idi ki, Azərbaycan bu inkişaf yoluna çıxmasın. Azərbaycanda vəziyyət daha da pisləşsin. Çünki o vaxt məkrli planları onun ürəyində var idi. Əgər o vaxt “Şahdəniz” müqaviləsi imzalanmasaydı, bu gün biz doğrudan da çıxılmaz vəziyyətdə olardıq.
İndi isə gələn ildən başlayaraq “Şahdəniz” qaz yatağından qaz çıxacaq və ondan sonra xaricdən gələn heç bir əlavə qaza ehtiyacımız olmayacaqdır. Bu, bir də onu göstərir ki, bizim ulu öndərimiz nə qədər Azərbaycanın gələcəyini düşünürdü. 1996-cı ildə yaxşı başa düşürdük ki, oradan qaz haradasa 8-9 ildən sonra hasil ediləcəkdir. Belə də oldu. 1996-cı ildən artıq on il keçibdir. Yəni gələcəyi düşünmək, öz xalqını düşünmək, gələcək nəsilləri düşünmək – dövlət adamını, dövlət liderini məhz bu amillər səciyyələndirir. Gələn il “Şahdəniz”dən ilk qaz çıxarılacaq, ondan sonrakı illərdə daha da böyük həcmdə olacaq və biz nəinki öz tələbatımızı ödəyəcək, eyni zamanda qaz ixrac edən ölkəyə çevriləcəyik. Müvafiq sazişlər də imzalanıbdır və bizim neft strategiyamız, Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir və bizə imkan verir ki, heç kimdən asılı olmayaq.
MDB ölkələrində baş verən proseslərə baxın. Qaz amili çox ciddi amildir. O, bəzi ölkələri çıxılmaz vəziyyətə salır. Çünki əgər qaz yoxdursa, deməli sənaye dayanacaqdır. Sənaye dayanacaqsa, böhran yaranacaq və bu fəlakətli, faciəvi nəticələrlə sonuclana bilər. Ancaq Azərbaycan bu baxımdan özünü çox əmniyyətli hiss edir. Mən enerji təhlükəsizliyi deyəndə bunu nəzərdə tuturam. Bu uzaqgörənlik əsil dövlət adamını fərqləndirir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ağır, çətin vəziyyətdə məhz o uzaqgörənliyin, xalqa olan sədaqətin və dövlətçiliyin nümunəsi idi. O müqavilə imzalanandan sonra Azərbaycanda bədnam qüvvələr çevriliş planlarına əl atdılar, sui-qəsd planlarına əl atdılar. Nəyə görə? Çünki bizi istəməyən qüvvələr yaxşı başa düşürdülər ki, neft müqaviləsinin imzalanması, ondan sonrakı müqavilələrin imzalanması Azərbaycanın müstəqilliyini təmin edəcəkdir.
Həmişə deyirəm, bu gün də demək istəyirəm, müstəqillik sadəcə olaraq, bir atribut deyildir. Çox ölkə var ki, onun bayrağı da var, himni də var, amma müstəqil siyasət apara bilmir. Kiminsə təsiri altında yaşayır, kimdənsə asılıdır. Xüsusilə, Azərbaycan kimi ölkələr ki, keçmişdə müstəqillikdən məhrum olmuşdular, müstəmləkə kimi yaşayırdılar. İstər XVIII əsrdə, istər XX əsrdə. XX əsrdə sadəcə, bu, başqa bir formada idi.
Bu gün biz müstəqil dövlət kimi yaşayırıq, güclənirik və öz siyasətimizi ancaq Azərbaycan xalqının milli maraqları üzərində qururuq. Bu gün bu siyasəti aparmaq üçün, əlbəttə, bir daha və bir daha qeyd etməliyik ki, bunun səbəbkarı xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. O olmasaydı, bu gün Azərbaycanın ümumiyyətlə taleyini təsəvvür etmək çətin olardı. “Əsrin müqaviləsi” imzalanmasaydı, biz bu vəsaiti haradan götürəcəkdik? Haradan Azərbaycana 25 milyard dollar sərmayə qoyulacaqdı? Bu sərmayə qoyulmasaydı, Azərbaycanda evlərmi tikiləcəkdi, xəstəxanalarmı tikiləcəkdi, hotellərmi tikiləcəkdi, müəssisələrmi tikiləcəkdi, iş yerlərimi açılacaqdı? Haradan olacaqdı bunlar? O hadisə, o addım bizim müqəddəratımızı müəyyən etdi və bu gün biz hamımız çalışmalıyıq ki, əldə edilmiş uğurları daha da möhkəmləndirək, Azərbaycanda yaranmış bu əlverişli şəraitdən maksimum dərəcədə istifadə edək. Öz iqtisadi potensialımızı gücləndirək, Heydər Əliyev neft strategiyasını axıra qədər aparaq və bütün çətinliklərə baxmayaraq, onu başa çatdıraq. Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit şəkildə saxlayaq.
Erməni lobbisi və onların havadarları həmişə Azərbaycana düşmənçilik mövqeyində olmuşlar. Bu gün isə bizim gücümüzdən ehtiyatlanaraq, Azərbaycana qarşı çox çirkin kampaniya aparırlar. Azərbaycanı ləkələmək üçün, qeyri-demokratik dövlət kimi təqdim etmək üçün və sübut etmək üçün ki, ermənilər belə bir dövlətdə sərbəst, azad yaşaya bilməzlər. Yəni məqsəd budur. Amma bizim içimizdə də belələri var. Bu gün Avropa Şurasına məktub yazan müxalifət, onlar kimin dəyirmanına su tökür?
Azərbaycanda parlament seçkiləri keçirildi, Azərbaycan xalqının iradəsi seçkilərdə öz əksini tapdı. Amerika Dövlət Departamenti tərəfindən təyin edilmiş şirkət rəy sorğusu, ekzit-pol keçirdi. Onun nəticələri rəsmi nəticələrlə 90-95 faiz üst-üstə düşdü. Yaxşı, hansı ölkədə 100 faiz mükəmməl seçkilər keçirilib? Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxın, görün, orada hansı hadisələr baş verir. Yəni belə olan halda, bütün beynəlxalq birlik bu seçkiləri tanıdığı bir halda, Azərbaycan xalqının iradəsi bu seçkilərdə tam şəkildə əks olunduğu bir halda və bu seçkilərin nəticələri ilə bağlı cəmiyyətdə heç bir mübahisə doğuracaq məsələ üzə çıxmadığı bir halda, o üzdəniraq, dırnaqarası, xəyanətkar siyasətçilər Avropa Şurasına məktub yazırlar ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. O məqamda ki, Avropa Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə olunacaqdır.
Mən Avropa Şurasında nümayəndə heyətinə rəhbərlik edən zaman biz nail olduq ki, bu məsələ gündəliyə salınsın. Baxmayaraq ki, ermənilər bütün imkanlardan istifadə etmişdilər, bütün lobbisini işə salmışdılar ki, məsələ gündəliyə salınmasın. Alınmadı. Biz onu gündəliyə saldıq. Yaxşı, indi Azərbaycana qarşı sanksiya tətbiq olunacaqsa, - birincisi, bu qeyri-real bir şeydir, amma fərz edək, - kim bundan faydalanacaq? Ermənilər. Deməli, nədir bu? Bu, milli xəyanətdir. Müxalifətin bütün hərəkətləri bax, bu amillərlə müşahidə olunur. Mən sadəcə olaraq, parlament seçkiləri ərəfəsində bu məsələ ilə bağlı çalışırdım ki, öz fikirlərimi ifadə etməyim. Mən istəmirdim ki, Prezident kimi mənim fikirlərim, yaxud da ki, təhlilim seçkilərin nəticəsinə təsir göstərsin. Mən çalışırdım ki, bütün namizədlərə bərabər şərait yaradılsın. Çalışırdım ki, maksimum dərəcədə şəffaflıq olsun. Azərbaycan xalqı özü öz səsini versin və müəyyən etsin ki, kimə səs vermək istəyir.
Bugünkü müxalifətin bütün hərəkətləri Ermənistanın Azərbaycana qarşı etdiyi hərəkətlərlə üst-üstə düşür. Onların prinsipi budur ki, ölkədə nə qədər pis olsa, bizim üçün o qədər yaxşıdır. Daha anlamırlar ki, artıq onlar üçün yaxşı ola bilməz, heç vaxt. Bu son parlament seçkiləri müxalifətin sonudur. Bunu biz də bilirik, xarici təşkilatlar da bilir, onların ümid bəslədiyi dairələr də bilir və onlardan üz döndəriblər. Çünki bu cür ola bilməz, belə yaramaz. Müxalifət olmalıdır və mütləq olmalıdır. Çünki iqtidar-müxalifət münasibətləri nəticəsində ideyalar ortaya çıxır. Düzgün qərarlar ortaya çıxır. Müxalifət bir növ iqtidarı bəzi addımlardan çəkindirir. Amma bizim müxalifət Azərbaycana düşmənçilik mövqeyindədir. Azərbaycana qarşı çox çirkin kampaniya aparır. Erməni lobbisi ilə birləşiblər və Azərbaycana qarşı kampaniya aparırlar. Yenə də deyirəm, Azərbaycanın gələcəyi çox parlaq olacaqdır. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir.
Mən bu gün tarixdən bəzi hadisələri xatırladarkən, bəzi misalları gətirərkən bir daha demək istəyirəm ki, bizim inkişafımız bundadır. Bu gün ən əlverişli vəziyyət Azərbaycandadır. Bizim iqtisadi potensialımız, enerji siyasətimiz, coğrafi vəziyyətimiz, dünyadakı mövqeyimiz - bütün istiqamətlərdə uğurlar var. Biz bunu qorumalıyıq, saxlamalıyıq. Prezident kimi mən iki il bundan əvvəl bu məsuliyyəti öz üzərimə götürmüşəm. Demişəm ki, Azərbaycanda Heydər Əliyev siyasəti davam etdiriləcək, Azərbaycan xalqının maraqları təmin olunacaqdır. Son parlament seçkiləri onu göstərdi ki, heç bir təzyiq heç bir əhəmiyyət kəsb etmir. Mən öz fəaliyyətimdə xalqın dəstəyinə, iradəsinə arxalanıram. Mənim üçün bundan başqa heç nə yoxdur. Kim nə deyirsə, desin. Bilirəm ki, bu, Azərbaycan xalqı üçün lazımdır, onu edəcəyəm. Seçkilər onu bir daha göstərdi. Biz hamımız çalışmalıyıq ki, Azərbaycanda bu gözəl ab-hava davam etdirilsin. Asayiş, ictimai-siyasi sabitlik pozulmasın. Çünki əgər bu pozularsa, ölkəmiz çox çətin vəziyyətə düşər, sabitlik olmayan yerdə heç bir inkişaf mümkün deyildir. Heç bir vətəndaş cəmiyyəti mümkün deyildir. Biz bu yolun tərəfdarıyıq, biz demokratiyanın, söz azadlığının, plüralizmin, siyasi proseslərin tərəfdarıyıq. Ancaq bütün bunlar bəzi qüvvələr tərəfindən Azərbaycan dövlətçiliyinə qarşı istifadə olunmamalıdır. Bunları sadəcə olaraq, ona görə deyirəm ki, mənim fikirlərimi biləsiniz. Onsuz da bilirsiniz, həmişə bütün tədbirlərdə, toplantılarda, xalqla görüşlərimdə öz ürək sözlərimi deyirəm. Çünki xalq Prezidentin mövqeyini, Prezidentin fəaliyyətini bilməlidir. Mənim fəaliyyətim son iki il ərzində xalqın qarşısında olubdur və bundan sonra da olacaqdır.
Bir sözlə, biz düz yoldayıq, bizim işimiz haqq işidir, nəticələr də onu göstərir. Çalışmalıyıq ki, daha da yaxşı işləyək, daha da səmərəli işləyək. Harada qüsurlar var, çatışmazlıqlar var, onu aradan qaldıraq və güclü dövlət yaradaq. Müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Biz gərək bunu qoruyaq, möhkəmləndirək və Azərbaycanı inamla irəliyə aparaq. Bu işdə sizin hamınıza uğurlar arzulayıram.
AzərTAc
“Xalq qəzeti”, 21 dekabr 2005-ci il