Azərbaycan Prezidenti İlham Əliyevin
yekun nitqi
2006, 21 dekabr
-Vasif Talıbovun məruzəsində Naxçıvanda görülən işlər haqqında geniş məlumat verilibdir. Bu məlumat bir daha onu göstərir ki, muxtar respublikada bütün sahələrdə çox dinamik iqtisadi artım var. Bu, çox sevindirici haldır. Əminəm ki, bu yüksək artım sürəti gələcəkdə də güclənəcək və Naxçıvan Muxtar Respublikası bu ardıcıllıqla inkişaf edəcəkdir.
Bir də demək istəyirəm, bu gün və dünən burada olarkən həm yeni yaradılan müəssisələrlə, obyektlərlə tanış oldum, eyni zamanda, gördüm ki, ictimai-siyasi ab-hava da çox müsbətdir. Çox gözəl ictimai proseslər gedir, siyasi proseslər gedir. Əlbəttə, bu imkan verir ki, bütün islahatlar daha da inamla aparılsın. İqtisadi islahatları, siyasi islahatları aparmaq üçün mütləq və mütləq çox uyğun və müsbət ictimai-siyasi vəziyyət olmalıdır. Bu da ki, Azərbaycanda var. Bunun əsasını 1993-cü ildə ulu öndər Heydər Əliyev qoymuşdur və o vaxtdan bu günə qədər Azərbaycanda bütün proseslər çox müsbət istiqamətdə davam edir. Düzdür, bəzi hallarda Azərbaycanı bu yoldan döndərmək üçün müəyyən cəhdlər olmuşdur, müəyyən səylər göstərilmişdir, amma heç kim buna nail ola bilmədi və heç vaxt nail ola bilməyəcəkdir. Çünki bizim siyasətimiz xalqın iradəsinə, maraqlarına əsaslanır. Bizim siyasətimizin mənbəyi də xalqdır. Bu, Heydər Əliyev yoludur, Heydər Əliyev siyasətidir və biz bu siyasəti Azərbaycanda davam etdiririk.
Mən hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, Azərbaycanda bu siyasətə alternativ siyasət yoxdur. Alternativ siyasət Azərbaycana bəlalar, təhlükə gətirə bilər. Alternativ siyasət aparmaq istəyənlərin indiki gününə baxsaq görərik ki, biz haqlıyıq. Azərbaycan xalqının ümumi fikri belədir, ümumi ovqatı belədir. Bu siyasət yaşayır, bu siyasət bizim işlərimizdə yaşayır, Heydər Əliyev bizim ürəyimizdə yaşayır.
Dünən Heydər Əliyev Muzeyinin açılışında oradakı eksponatlarla tanış olarkən, çox həyəcanlı hisslər keçirdim. Eyni zamanda, çox böyük qürur hissi keçirdim ki, Azərbaycan onun istədiyi, onun qoyduğu yolla getməkdə davam edir. Mən çox fəxr edirəm ki, Azərbaycanda onun siyasəti yaşayır, davam edir, yeni formalar alır.
Əlbəttə, həyat yerində durmur, yeniliklər var, dünya dəyişir, bölgədə gedən proseslər dəyişir. Görürsünüz ki, son illər ərzində Azərbaycanın ətrafında siyasi proseslər çox sürətlə dəyişir. Biz, necə deyərlər, başqa ölkələrin təcrübəsinə də baxırıq, orada baş verən hadisələrə baxırıq, onları görürük. Görürük ki, bəzi hallarda böyük çətinliklər baş verir, bəzi ölkələrdə 1990-cı illərin əvvəllərində yaşanan o qarşıdurma, böhran, hərc-mərclik yenə də başlayıbdır. Təbii ki, bu, Azərbaycanda da var idi.
Əlbəttə, 1993-cü ildə Azərbaycanın müstəqilliyi faktik olaraq əldən gedirdi. Azərbaycanın müstəqil ölkə kimi yaşaması sual altında idi. Əgər o vaxt Azərbaycan xalqının tələbi ilə, xahişi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bəlkə də, indi Azərbaycan indiki Azərbaycan olmazdı. Əlbəttə ki, bunu güman etmək də çətindir. Amma böyük əminliklə deyə bilərəm ki, Azərbaycan indiki səviyyədə olmazdı. Bunu hamı bilməlidir, heç kim heç vaxt yaddan çıxarmamalıdır.
Düzdür, hər bir yeni uğur, yeni bir nəticə, əlbəttə, artıq bizim meyarlarımızı da dəyişir. Bu da təbiidir və bütün cəmiyyətlər, bütün ölkələr bu qanunlarla işləyibdir. İnkişaf, tərəqqi mərhələdən-mərhələyə qalxır, irəliləyir. Əlbəttə, insanlar artıq mövcud olan vəziyyətə öyrəşirlər. Bəziləri hesab edir ki, belə də olmalı idi, yaxud da, belə də olmalıdır. Əlbəttə, belə olmalıdır. Biz irəliyə gedirik, Heydər Əliyev siyasətini davam etdiririk. Amma həmişə yadda saxlamalıyıq ki, biz haradan gəlmişik, hansı vəziyyətdən çıxmışıq.
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, hərtərəfli inkişafında Naxçıvanın çox böyük rolu vardır. 1990-cı ilin iyul ayında Heydər Əliyev Moskvadan Bakıya gəlmişdi. Bilirsiniz ki, Qorbaçovun antiazərbaycan siyasətinin nəticəsi olan qanlı Yanvar hadisələrindən sonra, o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, Qorbaçovun siyasətini, Sovet İttifaqı Kommunist Partiyasının siyasətini açıq şəkildə pisləmişdi. O vaxt bunu etmək böyük cəsarət tələb edirdi. İndi biz demokratiya şəraitində yaşayırıq və müxtəlif partiyalar mövcuddur, söz azadlığı var, demokratiya var və artıq hər kəs buna öyrəşibdir. O vaxt birpartiyalı sistem idi. Sovet İttifaqı hələ ki, dağılma ərəfəsində deyildi. O vaxt partiya rəhbərinə qarşı açıq etiraz bəyan etmək çox böyük cəsarət tələb edirdi. Ulu öndər Kommunist Partiyasının sıralarından çıxdı və ondan sonra Moskvada təqib olunmağa başladı. Hətta gizlənirdi və məlumat vardı ki, onu həbs etmək istəyirlər.
Bakıya gəldi. Bakının da o vaxtkı satqın rəhbərliyi imkan vermədi ki, burada qalsın. İki gündən sonra doğma vətəninə, Naxçıvana gəldi. Yəqin ki, siz də o günləri - Heydər Əliyevin Azərbaycana qayıdışını və insanların ona olan məhəbbətini, o izdihamlı qarşılanma mərasimini yaxşı xatırlayırsınız. Naxçıvanlılar Heydər Əliyevi qorudular. O isə, öz növbəsində, Naxçıvanı qorudu.
Ona görə əgər bunlar olmasaydı, tarix tam başqa cür inkişaf edə bilərdi. Heydər Əliyevə qədər Azərbaycana rəhbərlik edən şəxslərin hər biri ölkəni qoyub qaçmışdı. Onların hakimiyyətinin maksimum bir il, ilyarım ömrü var idi. Baxmayaraq ki, onların ordusu var idi, polisi, daxili qoşunu var idi. Hətta hamının qanunsuz silahlı dəstələri var idi. O vaxt, bütövlükdə belə hərc-mərclik şəraitində, əli silahlı insanlar şəhərlərimizi dolaşırdılar.
Heydər Əliyev Bakıya gələndə onun heç nəyi - heç bir rəsmi vəzifəsi, yaxud ordusu, yaxud da dəstəsi yox idi. Onun şəxsiyyəti, müdrikliyi Azərbaycan xalqının ona olan məhəbbəti, inamı Azərbaycan xalqını onun ətrafında birləşdirdi. O, iyul ayında Bakıya gələndə şəhərə çıxmışdı və dərhal onun ətrafında yüzlərlə, minlərlə insan toplaşmışdı. O, sadəcə, şəhərə gəzintiyə çıxmışdı. Bakıda çoxdan olmamışdı. Artıq təbii bir mitinq yarandı. O insanları heç kim oraya dəvət etmirdi, heç kim onları, necə deyərlər, xəbərdar etməmişdi. Sadəcə, insanlar onu görüb arxasınca getmişdi. Ölkədə, xalq arasında heç bir nüfuza malik olmayan Azərbaycanın o vaxtkı rəhbərliyi bunu görəndə, əlbəttə ki, çox narahat olmuşdu.
Ondan sonra Naxçıvanda işləməyə başladı, Ali Məclisin sədri seçildi. İlk dəfə Azərbaycanın müstəqil üçrəngli bayrağı Naxçıvanda qaldırıldı. İndi bəziləri sinəsinə döyürlər ki, biz müstəqilliyi əldə etmişik. Onlar o vaxt Azərbaycanda, Bakıda Milli Məclisdə Leninin heykəlinin və Sovet Sosialist Azərbaycanının bayrağı altında oturmuşdular. Özlərini elə bil ki, müstəqilliyin mücahidləri adlandıran həmin şəxslər.
Naxçıvanda üçrəngli bayraq qaldırıldı. Bu, tarixdir. O vaxt muxtar respublikanın adı dəyişildi. Dünən muzeydə o qərarın surətini bir daha gördük. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan Muxtar Respublikası adlandırıldı.
Bütün bunlar bir daha onu göstərir ki, ulu öndərimiz ölkə üçün, xalq üçün hər şeyi edibdir. Müstəqillik sözdə deyil, əməldədir. Azərbaycanın müstəqilliyi bundan sonra əbədi olacaq və daimi olacaqdır. Azərbaycan xalqı müqəddəratını, öz taleyini özü müəyyən edir. Siyasətimizi özümüz müəyyən edirik, heç kimdən asılı olmuruq, asılı olmayacağıq. Öz siyasətimizi özümüz aparırıq və bundan sonra da belə olacaqdır. Əlbəttə, bunu etmək üçün müxtəlif amillər lazımdır. İqtisadi potensial, siyasi mövqe və xalqla iqtidar arasında birlik. Azərbaycan bu baxımdan bölgədə yerləşən ölkələrdən, başqa ölkələrdən çox fərqlənir. Biz də çalışmalıyıq ki, ölkəmizi hərtərəfli möhkəmləndirək. Elə edək ki, Azərbaycan xalqı xoşbəxt yaşasın, hamı işlə təmin olunsun, yoxsulluq aradan qaldırılsın, haqq-ədalət tam şəkildə bərqərar edilsin, ədalətsizlik olmasın, qanunun aliliyi təmin edilsin, vətəndaş cəmiyyəti yaransın və zəngin, müasir dövlət - Azərbaycan uğurla irəliyə getsin. Bu arzularla mən sizinlə xudahafizləşirəm. Sizə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayıram. Doğma diyarımızı – Naxçıvanımızı inkişaf etdirin, möhkəmləndirin. Mən də həmişə bu işdə sizə yardımçı olacağam. Sağ olun!
AzərTAc
“Xalq qəzeti”, 23 dekabr 2006-cı il