Azərbaycan Prezidenti İlham Əliyevin
yekun nitqi
2004, 2 sentyabr
- Burada deyildi, Əlixan Məlikov da qeyd etdi ki, bu layihə üzərində uzun illərdir iş gedirdi. Keçmişdə də İranla bizim aramızda aparılmış bütün danışıqlarda bu məsələ, demək olar ki, həmişə gündəliyə salınıbdır və bunun müxtəlif variantları var idi. Bilirsiniz ki, keçmişdə Azərbaycanın o qədər də böyük imkanı yox idi ki, bu məsələni mübadilə yolu ilə həll etsin. Çünki bizim öz qaz hasilatımız tələbatımızı ödəmir və belə olan halda, əlbəttə, onu başqa ölkəyə ötürmək də olmurdu. Amma artıq bir neçə ildir ki, xüsusi proqram çərçivəsində Rusiyadan təbii qazın alınması təşkil edilibdir. Alınan qazın həcmi ildən-ilə artır. Biz ildə bir milyard kubmetrdən başlamışdıq. İndi Rusiyadan alınan təbii qazın həcmi ildə 5,5 milyard kubmetrdir. Onu da qeyd etməliyəm ki, bu qazı Azərbaycan Dövlət Neft Şirkəti öz pulu hesabına alır və faktiki olaraq, təmənnasız, pulsuz həm "Azərenerji"yə - elektrik stansiyalarına ötürür, eyni zamanda, "Azəriqaz"a da imkan verir ki, Neft Şirkəti tərəfindən hasil edilən qazı əhaliyə versin.
Bir sözlə, bu gün Azərbaycan bütün mənbələrdən - daxili və xarici mənbələrdən ildə təxminən 10 milyard kubmetr qaz əldə edir. Keçmişdə, ötən əsrin 80-ci illərində Azərbaycan, demək olar ki, təbii qaza olan bütün tələbatını ödəyirdi. Bu gün isə 10 milyard kubmetr qaz alırıq, amma hələlik əhalinin və müəssisələrin ehtiyaclarını tam həcmdə ödəyə bilmirik.
Onu da qeyd etməliyəm ki, Rusiyadan alınan hər 1000 kubmetr qazın qiyməti 52 dollardır. Əgər biz dollarla hesablasaq, Azərbaycanın daxilində hər 1000 kubmetr 8 dollara satılır. Bu isə onu göstərir ki, dövlət, yəni Dövlət Neft Şirkəti Azərbaycanda bütün qaz istehlakçılarına böyük həcmdə subsidiyalar verir. Bəlkə də çox adam bilmir, amma həqiqət budur. Əgər biz Azərbaycanda hasil edilən qazın hər 1000 kubmetrinin qiymətini 52 dollardan hesablasaq, görərik ki, əhaliyə və müəssisələrə verilən qazın dəyəri 600 milyon dollara bərabərdir. Azərbaycan dövləti hər il əhaliyə və müəssisələrə 600 milyon dollarlıq qazı subsidiya formasında verir. Düzdür, bu məbləğin müəyyən hissəsi yığılır, amma çox hissəsi yığılmır. "Azəriqaz" ildə nə qədər qaz pulu yığır?
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, 250 milyard manat.
İLHAM ƏLİYEV: 250 milyard manat, yəni 50 milyon dollar. "Azərenerji" də bu qədər yığırdı. İndi də təxminən o qədər yığır. Yəni biz 600 milyon dolların əvəzində cəmi 100 milyon dollar yığırıq. Yığılan bu vəsaitin də böyük əksəriyyəti "Azərenerji" ilə "Azəriqaz"ın daxili ehtiyaclarına sərf olunur.
Dövlət Neft Şirkəti ildə "Azərenerji"yə təxminən 2 milyon ton mazut da verir, bunun qiyməti, haradasa, 300 milyon dollar, bəlkə də çox edir. Yəni, biz mazutda da 300 milyon dollar itiririk. 600 milyon dollar qazda, 300 milyon dollar mazutda, bu, 900 milyon edir. Bunun müqabilində "Azəriqaz"la "Azərenerji" 100 milyon dollar yığır. Elədir?!
NATİQ ƏLİYEV (ARDNŞ-ın prezidenti): Cənab Prezident, dövlət az qala 1 milyard dollar itirir.
İLHAM ƏLİYEV: Bəli, 1 milyard dollar. Bizim büdcəmiz bu il 1 milyard 500 milyon dollar idi. Sonra biz bunu artırıb 1 milyard 600 milyon dollar etdik. Yəni, Azərbaycan 1 milyard dollar dəyərində subsidiya verir. Heç bir ölkədə belə deyil. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz, ilk növbədə, sosialyönümlü siyasətdir. Azərbaycan bazar iqtisadiyyatı prinsiplərini çox yüksək tutur. Biz bu prinsiplərə sadiqik və Azərbaycanda özəl sektor, sahibkarlıq inkişaf edir, yeni müəssisələr yaradılır. Özəl sektorun ümumi daxili məhsulda həcmi 75 faizdir. Amma eyni zamanda, Azərbaycanda 1 milyard dollar dəyərində sosial proqramlar həyata keçirilə bilər, mövcud olan bütün başqa problemlər öz həllini tapa bilərdi. Amma biz bu vəsaiti əhaliyə qaz və işıq şəklində veririk. Sonra isə qazın və işığın pulunu ala bilmirik. Hətta bu pulu 100 faiz yığsaq belə, yenə o xərclərin 20 faizini də ödəmir.
Bəlkə də bu məsələnin indiki müşavirəyə birbaşa aidiyyəti yoxdur. Amma mən bunu, sadəcə, ona görə deyirəm ki, hamı bilsin ki, bu nə qədər böyük yükdür. Belə olan halda, əlbəttə, biz - "Azərenerji" və "Azəriqaz" - haqlı olaraq tələb etməliyik ki, qaz və işıq pulları vaxtlı-vaxtında ödənilsin. Çünki bu, dözülməz bir haldır. Heç bir başqa ölkədə 8 dollara 1000 kubmetr qaz tapmaq mümkün deyildir. Qonşu ölkələrə, MDB ölkələrinə baxın. Orada qazın 1000 kubmetrinin qiyməti 80-100 dollardır. Türkiyədə 120 dollardır. Gürcüstanda da o qədərdir. Amma Azərbaycanda 8 dollardır. Bu, ciddi məsələdir. Əlbəttə, bu məsələyə baxılmalıdır və biz buna baxacağıq.
Mən yenə də bizim məsələyə qayıtmaq istəyirəm. Əvvəllər Azərbaycanın İranla məsələni mübadilə yolu ilə həll etməyə imkanı yox idi. İndi belə imkanlarımız var. İrana mübadilə yolu ilə veriləcək 300-400 milyon kubmetr qaz Azərbaycan tərəfindən ya daxildə hasil ediləcək, ya da xaricdən alınacaqdır. Yenə təxminən o qiymətə. Biz bunu edirik və etməliyik. Azərbaycanda təbii qaza olan tələbat tam şəkildə ödənilməlidir, elektrik enerjisinə olan tələbat da ödənilməlidir. Bu məqsədlə yeni elektrik stansiyaları tikilir. Yaponiyanın krediti hesabına "Şimal" elektrik stansiyası tikilibdir, ona böyük vəsait ayrılıbdır. Azərbaycan gərək o krediti, borcu gələcəkdə qaytarsın.
Sumqayıtda 500 meqavat gücündə yeni stansiyanın tikintisi nəzərdə tutulur. O da kredit hesabınadır. Kredit o deməkdir ki, vaxt gələcək, o vəsait qaytarılmalıdır. Amma energetika təhlükəsizliyi bizim üçün çox vacibdir.
Bu gün Azərbaycan, bəlkə də, yeganə ölkələrdən biridir ki, elektrik enerjisi baxımından heç kimdən asılı deyildir. Düzdür, biz xaricdən elektrik enerjisi də, qaz da alırıq, amma eyni zamanda, xam nefti də ixrac edirik. Rusiyadan qazı alırıq, Rusiyaya neft ixrac edirik. Əgər o qazı almasaq, nefti də ixrac etməyəcəyik. O nefti bizim zavodlarımızda emal edib, mazuta çevirib yenə də elektrik enerjisinin istehsalına yönəldəcəyik. Bu baxımdan Azərbaycan əlverişli vəziyyətdədir.
Yenə də qeyd etməliyəm ki, bu vəziyyəti hamımız üçün xalqımızın ümummilli lideri Heydər Əliyev yaratmışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda neftayırma zavodlarının yenidən qurulması, bərpası nəticəsində, yeni qurğuların tikilməsi nəticəsində çox güclü infrastruktur yaradıldı. Əgər o neft emalı zavodları olmasaydı, əlbəttə, Azərbaycan çox çətin vəziyyətə düşərdi. Əgər Mingəçevirdə Azərbaycan DRES-i tikilməsəydi,- hansı ki, elektrik enerjisinin böyük əksəriyyətini verir, -Azərbaycan bu gün çox çətin vəziyyətdə olardı.
Naxçıvanı qazla, işıqla təmin etmək bizim prioritet məsələmizdir. Biz bu barədə qərarlar qəbul etmişik. Onu da qeyd etməliyəm ki, İranla elektrik enerjisi mübadiləsi məsələsi də öz həllini tapıbdır. İmişli-Parsabad yeni xəttinin çəkilməsi nəzərdə tutulur və o çəkiləndən sonra iki ölkə arasında elektrik enerjisi mübadiləsi 700 meqavata çatacaqdır. Belə olan halda biz Naxçıvanı tam şəkildə elektrik enerjisi ilə təmin edə biləcəyik. Bu layihə təxminən iki ilə başa çatacaq və ümid edirəm, 2006-cı ildə Naxçıvanda qaz, işıq problemi aradan qaldırılacaqdır. Bu da imkan verəcək ki, insanlar rahat yaşasınlar, Naxçıvanın sərt qışına dözə bilsinlər və Naxçıvan iqtisadi cəhətdən daha da inkişaf etsin. Yeni müəssisələr, zavodlar, fabriklər yaransın. Yəni enerji həyat, inkişaf deməkdir.
Mən çox şadam ki, bu məsələlər bu gün burada müzakirə olundu. Naxçıvanlılar da bunu bilməlidirlər. Bu yaxınlarda burada işlərə başlanacaqdır. Mən istərdim ki, burada görüləcək işlərdə yerli kadrlar çox fəal iştirak etsinlər. Bu tikintilərdə maksimum dərəcədə yerli camaat işləsin. Çünki bunlar böyük işlərdir. Həm magistral kəmərlər, həm də paylayıcı xətlər, binadaxili xətlər və sair. Ümid edirəm ki, bir il ərzində "Azəriqaz" bütün məsələləri həll edəcək və bir ildən sonra, 2005-ci ilin sonlarında biz Naxçıvana ilk qazın verilməsini qeyd edə bilərik. Hər halda, əldə edilmiş razılaşmalar bunu deməyə əsas verir.
Qeyd etməliyəm ki, İranla Azərbaycan arasında bu məsələdə çox gözəl əməkdaşlıq var. Siz bilirsiniz ki, İran İslam Respublikasının Prezidenti cənab Xatəmi mənim dəvətimlə Azərbaycana səfər etmişdir. Bir sıra çox vacib sənədlər imzalanmışdır. Ölkələrimiz arasında olan iqtisadi əlaqələr güclənir, ticarətin həcmi artır. Qaz, elektrik enerjisi mübadiləsi hər iki tərəf üçün çox faydalı layihələrdir. İstəyirəm, onu da biləsiniz.
Azərbaycan yay aylarında İrana elektrik enerjisi verir. Bu da İrana kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və yığımı üçün lazımdır. Biz isə İrandan elektrik enerjisini qış aylarında alırıq. İrandan Naxçıvana qaz alacağıq. Azərbaycandan, Astaradan İrana qaz verəcəyik. Yəni bunlar hər iki tərəf üçün faydalı razılaşmalardır. Mən çox məmnunam, şadam ki, nəhayət, bu məsələlər öz həllini tapıbdır.
Onu da bildirmək istəyirəm ki, danışıqlar əsnasında Ordubad su elektrik stansiyasının tikintisi də müzakirə olunmuşdur. Bilirsiniz ki, bu, Naxçıvanın enerji təhlükəsizliyi və müstəqilliyi üçün çox vacib bir layihədir. O layihə barədə uzun illərdir söhbət gedir. Biz şifahi qaydada razılaşdıq ki, bu məsələ ilə əlaqədar gələcəkdə danışıqlar aparılsın. Ümid edirəm ki, bu məsələ də öz həllini tapa bilər. Əgər biz bunu da etsək, Naxçıvan üçün əlavə 42 meqavat elektrik enerjisi əldə edə bilərik. Əlbəttə, İrandan mübadilə yolu ilə gələn elektrik enerjisi, qaz Naxçıvanın bütün tələbatını ödəyəcəkdir. Amma biz istəyirik Naxçıvanın özündə elə bir infrastruktur yaradılsın ki, tam müstəqil şəkildə, heç kəsdən asılı olmayaraq öz tələbatını ödəsin.
Keçən dəfə, may ayında burada olarkən biz Vayxır su anbarının tikintisinə baş çəkdik, vəziyyətlə tanış olduq. Vasif Talıbov təklif etmişdi ki, orada kiçik bir elektrik stansiyası tikilsin. Mən də Bakıya qayıdarkən dərhal hökumətə müvafiq göstərişlər verdim. Düzdür, orada tikiləcək stansiyanın gücü cəmi 4,5 meqavat olacaqdır. Amma yenə də. Vasif Talıbov deyir ki, Şahbuza cəmi 7 meqavat elektrik enerjisi verilir. O da oradan veriləcəkdir. Düzdür, əlavə xərc tələb edəcək, amma biz bunu etməliyik.
Azərbaycanın iqtisadiyyatı ildən-ilə güclənir. Bizim büdcəmiz ilbəil artır. Bu ilin büdcəsi dəyişiklikdən sonra 1 milyard 600 milyon dollar səviyyəsindədir. Gələn il daha da artmalıdır. Mən hökumət qarşısında belə bir vəzifə qoymuşam ki, ciddi surətdə artmalıdır. Bunu etmək üçün imkan var, daxili mənbələr var. Yeni müəssisələr yaradılır, yeni zavodlar, fabriklər yaradılır. Onların hamısı vergi ödəməlidir. Azərbaycana böyük sərmayələr qoyulur. Gələn il bizim ümumi daxili məhsulumuzun artımı, haradasa, 12-13 faizdən yuxarı olmalıdır. Bu il təxminən 11 faizdir. Bu bizə imkan verəcək ki, büdcəmiz artsın. Belə olan halda vəsait də olacaqdır. Vəsait də gərək səmərəli işlədilsin. Yığılan vəsait, əldə olunan gəlirlər gərək, ilk növbədə, infrastrukturun yaranmasına, insanlarımızın daha da rahat yaşamasına, sosial məsələlərin həllinə sərf olunsun.
Düzdür, mən qeyd etdim ki, enerji sektorunda biz 1 milyard dollar dəyərində əhaliyə və müəssisələrə subsidiya edirik. Amma bu, həm də bizim niyyətimizi göstərir. Bu, təkcə sözdə deyil, əməldədir. Biz deyəndə ki, hər şey xalq üçün, millət üçün - bunun təzahürü məhz budur.
Mən bir daha demək istəyirəm ki, görüləcək işlər həm Naxçıvan, həm də Azərbaycan üçün çox vacibdir. Ümid edirəm ki, "Azəriqaz" və yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olacaqlar, nəzərdə tutulmuş qaydada bir il ərzində bütün görüləcək işlər yerinə yetiriləcək və Naxçıvan nəhayət, təbii qazla təmin olunacaq, tam şəkildə elektrik enerjisi ilə, işıqla təmin ediləcəkdir. Sağ olun.
AzərTAc
“Xalq qəzeti”, 4 sentyabr 2004-cü il